Daşkəsəndə “İnsan hüquqları aylığı” çərçivəsində məktəblilərlə növbəti maarifləndirmə aparılıb
İyunun 4-də "Şəhərsalma və Memarlıq İli" ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına əsasən Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon üzrə Təhsil Sektorunun və Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “İnsan hüquqları aylığı”na həsr olunan görüş keçirilib.
Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Samir Həsənov məktəblilərə mövzu haqqında ətraflı məlumat verib, “İnsan hüquqlarının qorunması və vətəndaş məsuliyyəti” mövzusunda çıxış edib.
Məktəblilərin insan hüquqları sahəsində biliklərinin artırılması, onların hüquq və azadlıqları barədə məlumatlandırılması məqsədi daşıyan görüşdə insan hüquqlarının mahiyyəti, bu hüquqların qorunmasının əhəmiyyəti, eləcə də hər bir vətəndaşın cəmiyyət qarşısında məsuliyyəti haqqında söhbət aparılıb. Diqqətə çatdırılıb ki, insan hüquq və azadlıqlarına hörmət demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. Gənclərin hüquqi maarifləndirilməsi, onların vətəndaşlıq mövqeyinin formalaşdırılması və qanunlara hörmət ruhunda tərbiyəsi dövlət gənclər siyasətinin mühüm tərkib hissəsidir.
Görüşdə həmçinin məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, insan hüquqlarının müdafiəsi, vətəndaş məsuliyyəti və hüquqi maarifləndirməyə dair tövsiyələr verilib






