Daşkəsəndə fövqəladə hallar zamanı davranış qaydalarına həsr olunan növbəti görüş olub
İyulun 2-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qabaqtəpə kəndində əhali üçün “Dinc və müharibə dövrlərində fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda növbəti maarifləndirici görüş təşkil edib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, FHN-in Gəncə Regional Mərkəzinin, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, yerli bələdiyyənin məsul şəxsləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinlərinə fövqəladə halların təsnifatı, o cümlədən yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar, habelə ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, zəruri davranış qaydaları barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani nümayiş etdirilib.
Sonda müzakirələr aparılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb.