Daşkəsəndə əlilliyi müəyyən edilmiş uşaqlar üçün yeni sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin sifarişi ilə Daşkəsən rayonunda “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində yeni sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb.
Layihənin məqsədi əlilliyi müəyyən edilmiş uşaqlara erkən müdaxilə və reabilitasiya xidmətləri göstərmək, onların sosial inteqrasiyasını dəstəkləmək, inklüziv təhsil imkanlarını genişləndirmək, asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, eyni zamanda valideynlərin maarifləndirilməsi və bacarıqlarının inkişafına dəstək verməkdir.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan mərkəzdə uşaqların fərdi ehtiyacları nəzərə alınaraq funksional qiymətləndirmələr aparılır və onların gündəlik həyatda qarşılaşdıqları əqli, fiziki və kommunikasiya problemlərinin aradan qaldırılması üçün müasir reabilitasiya metodlarından istifadə edilir.
Mərkəzdə göstərilən xidmətlər sosial iş, sosial-psixoloji dəstək, sosiallaşma, ünsiyyət və koqnitiv bacarıqların inkişafı, təhsil dəstəyi, nitq terapiyası və fiziki inkişaf istiqamətlərini əhatə edir.
Hazırda mərkəzdə autizm, Daun sindromu, serebral iflic, əqli inkişaf geriliyi, nitq pozuntuları və digər inkişaf məhdudiyyətləri olan 3–18 yaş aralığında 50 uşaq xidmətlərdən yararlanır. Onlarla pedaqoq, psixoloq, sosial işçi və loqoped olmaqla 4 ixtisaslaşmış mütəxəssis çalışır.
Sosial reabilitasiya mərkəzi ilin sonunadək Daşkəsən şəhəri, M.Əsədov küçəsi 7, mənzil 2 ünvanında fəaliyyət göstərir.






