Daşkəsəndə əhalinin mövcud sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə maarifləndirmə aparılıb
Avqustun 14-də Daşkəsən Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialı Daşkəsən rayonunda çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması və əhalinin mövcud sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə növbəti maarifləndirici görüş keçiriblər.
Tədbirdə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrasında nəzərdə tutulan tədbirlərdə sosial xidmət istiqamətləri və gözlənilən nəticələr, bununla bağlı mövcud vəziyyət diqqətə çatdırılıb. Qeyd olunub ki, Dövlət Proqramında əhalinin bütün həssas qruplarına göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi nəzərdə tutulmuşdur.
Habelə vurğulanıb ki, çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarının müəyyən edilməsi və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi məqsədilə qəbul edilmiş “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun icra mexanizmlərinin müəyyən edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlar (“Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”, “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”, “Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası” və s.) qəbul edilmişdir. Bununla da ölkədə çoxspektrli sosial xidmətlər sistemi formalaşmış və bu sistem həmin şəxslərin məruz qaldıqları çətin həyat şəraitindən müdafiəsinə, sosial reabilitasiyalarına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmalarının təmin edilməsinə yönəldilmişdir. Yerlərdə çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması, müvafiq köməkliklərin vaxtında göstərilməsi bu cür risklərin qarşısının alınmasına müsbət təsir göstərir.
Maarifləndirmə çərçivəsində çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla iştirak imkanlarının yaradılması, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunan sosial xidmətin formaları (evdə (səyyar) sosial xidmət, yarımstasionar (günərzi) sosial xidmət, stasionar sosial xidmət, sosial-məsləhət yardımı) və növləri, rayon ərazisində göstərilən xidmətlər haqqında ətraflı məlumat verilib, məlumatlandırıcı bukletlər paylanıb.






