Daşkəsəndə Dövlət Suverenliyi Gününə həsr olunan seminar keçirilib
Sentyabrın 16-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ilə birgə Daşkəsən rayonunun 95 illik yubileyi münasibətilə rayonun ümumtəhsil məktəbliləri üçün maarifləndirici seminar təşkil edib.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən seminarın məqsədi gənc nəslə Azərbaycanın dövlətçilik tarixi, müstəqillik uğrunda aparılan mübarizənin əhəmiyyəti və suverenliyin qorunmasının vacibliyi, habelə Daşkəsən rayonunun keçdiyi inkişaf yolu haqqında məlumat vermək olub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Kazım Kamalov, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova və digərləri məruzə ilə çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət, dövlətçiliyimizin və suverenliyimizin əhəmiyyəti, milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyi barədə bəhs ediblər. Vurğulanıb ki, tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın müqəddəs milli sərvətidir.
Seminar çərçivəsində məktəblilər üçün dövlət suverenliyi mövzusunda sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin və şərəfli mərhələlər, ölkənin siyasi, iqtisadi və hərbi sahələrdə əldə etdiyi nailiyyətlər, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz tarixi xidmətləri, Ulu Öndərin siyasi varisi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətinin və güclü liderliyinin sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər, 2023-cü ilin 19 sentyabr tarixində Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərqərar edilməsi üçün uğurlu antiterror əməliyyatı və bunun nəticəsində Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edilməsi əhatəli şəkildə təqdim olunub.
Sonra seminar interaktiv formada davam edib. Məktəblilər suallar verib, fikirlərini bölüşüb və mövzu ətrafında müzakirə aparıblar.






