Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “Dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda dəyirmi masa təşkil edilib

16 aprel 2026 | 16:54

Aprelin 16-da Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması”na dair maarifləndirici tədbir keçirib.

Tədbirdə rayonda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.                     

Daşkəsən RİHBA-nın məsul işçisi Elmar Əliyev məruzəsində bildirib ki, Azərbaycan dilinin saflığının qorunması milli kimliyimizin, mədəniyyətimizin və tarixi yaddaşımızın əsas dayaqlarından biridir. Ana dilimiz milli ruhumuzu yaşadan, bizi bir millət kimi birləşdirən ən böyük dəyərdir. Ümummilli Lider Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin ardıcıl və uğurlu dövlət siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutur. Dövlət başçısının Azərbaycan dilinə yüksək diqqət və qayğısı Azərbaycan dili ilə bağlı fərman və sərəncamlarında, çıxışlarında hər zaman özünü göstərir. Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev 2025-ci ilin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilən tədbirdəki nitqində milli inkişafın mühüm istiqamətləri ilə yanaşı, Azərbaycan dilinin qorunması məsələlərinə xüsusi diqqət yetirmiş, qarşıya mühüm vəzifələr qoymuşdur.

Elmar Əliyev Prezident cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın və “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının mühüm əhəmiyyətini diqqətə çatdırıb, dilimizin saflığının qorunması, zənginləşdirilməsi istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələbləri, Azərbaycan ədəbi dilinin norma və üslubları, xüsusilə rəsmi-işgüzar üslub, punktuasiya qaydaları barədə mövzuları izah edib.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru Sevil Ələsgərova və digərləri mövzuya dair çıxışlar ediblər.

Tədbir müzakirə və sualların cavablandırılması ilə yekunlaşıb.

 

 

Keçidlər