Daşkəsəndə “Bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının işinin gücləndirilməsi” mövzusunda bələdiyyə üzvlərinə seminar keçirilib
Oktyabrın 24-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının Gender Komissiyalarının işinin gücləndirilməsi” mövzusunda rayonunun bələdiyyə üzvləri üçün seminar təşkil edilib.
Seminar bələdiyyələrdə gender bərabərliyi prinsiplərinin tətbiqinin gücləndirilməsi, qadınların yerli özünüidarəetmədə iştirakının artırılması və Gender Komissiyalarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi daşıyıb.
Tədbiri giriş sözü ilə açan təlimçi Abil Bayramov qeyd edib ki, ölkəmizdə qadın və kişilər arasında bərabər hüquq və imkanların təmin edilməsi üçün dövlət səviyyəsində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə yerli özünüidarəetmə orqanlarının fəallığı, xüsusilə də Gender Komissiyalarının düzgün təşkili və fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Seminar zamanı gender yanaşması, bələdiyyələrin gender siyasətində rolu, komissiyaların hüquqi və institusional əsasları, eləcə də praktik fəaliyyət mexanizmləri barədə təqdimatlar edilib. İştirakçılar qrup müzakirələri və interaktiv tapşırıqlarla gender bərabərliyinin təmin olunmasında bələdiyyələrin məsuliyyət və imkanlarına dair biliklərini artırıblar.
Seminarın sonunda iştirakçılara Dövlət Komitəsi tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olunub və bələdiyyələrdə Gender Komissiyalarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.






