Daşkəsəndə “Bakcell”in yeni rəsmi diler mağazası açılıb
Sentyabrın 25-də “Bakcell” şirkəti Daşkəsən şəhərində yeni rəsmi diler mağazasını müştərilərin istifadəsinə verib.
Mağazanın açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov, “Bakcell” şirkətinin məsul əməkdaşları Orxan Əsgərov, Bəxtiyar Əliyev, sakinlər və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə rəmzi açılışı bildirən lent kəsilib.
Açılış mərasimində Vüqar Məmmədov bu təşəbbüsün rayonda telekommunikasiya xidmətlərinin daha da inkişaf etməsinə töhfə verəcəyini vurğulayıb. Diqqətə çatdırıb ki, xidmət mərkəzinin turizm rayonu olan Daşkəsəndə açılması vətəndaşlara daha əlçatan, keyfiyyətli xidmət göstərilməsinə şərait yaradacaq, eyni zamanda sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
Yeni konsepsiya əsasında qurulmuş müasir satış mərkəzində şirkətin məhsul və xidmətəri, habelə mobil cihazlar və aksessuarlar təklif olunur. Daşkəsən sakinləri yeni diler mağazasında “Bakcell”in bütün məhsul və xidmətləri barədə məlumat ala, o cümlədən mobil nömrə əldə edə bilərlər.
Qeyd edək ki, “Bakcell” son illərdə xidmət keyfiyyətinin artırılması və müştəriyə yaxın olma strategiyasını hədəfləyən bu cür mağazaları vasitəsilə həmçinin bölgələrdə məşğulluğun artırılmasına da töhfə verir.






