Daşkəsəndə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş irimiqyaslı şəhərsalma və memarlıq layihələri” mövzusunda açıq dərs keçirilib
Mayın 1-də keçirilmiş tədbir Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayon Heydər Əliyev Mərkəzi və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə baş tutub. Açıq dərsin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunması tədbirə xüsusi məna və əhəmiyyət qazandırıb.
Açıq dərsdə məktəblilər, gənclər və müəllimlər iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Rəşad Qurbanov, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Sevda Xıdırova məruzələrində Ümummilli Lider Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında şəhərsalma və memarlıq sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıblar. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi dövründə həyata keçirilən layihələr Azərbaycanın şəhərlərinin müasir simasının formalaşmasında mühüm rol oynayıb. Heydər Əliyevin təşəbbüsü ilə paytaxt və regionlarda inşa edilən inzibati binalar, yaşayış kompleksləri, park və xiyabanlar ölkənin memarlıq irsini zənginləşdirib, şəhər infrastrukturunun müasirləşdirilməsinə təkan verib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin müasir mərhələdə daha da inkişaf etdirilməsi Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, yeni infrastruktur layihələri icra olunur, şəhər və rayonların siması köklü şəkildə yenilənir. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə – Şərqi Zəngəzur və Qarabağda icra olunan bərpa və yenidənqurma işləri bu siyasətin ən bariz nümunələrindəndir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan yaşayış məntəqələri, müasir yol infrastrukturu, sosial obyektlər və yaşıl enerji layihələri Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyasını əks etdirir. Bu ərazilərdə aparılan tikinti və quruculuq işləri təkcə iqtisadi deyil, həm də mədəni və tarixi irsin bərpası baxımından böyük əhəmiyyət daşıyır.
Çıxışlarda Daşkəsən rayonunun da inkişaf perspektivlərinə diqqət yetirilib. Həyata keçirilən ardıcıl kompleks tədbirlər nəticəsində Daşkəsən şəhərinin simasının müasirləşdiyi bildirilib. Vurğulanıb ki, rayon ərazisində yolların təmiri, sosial obyektlərin tikintisi, abadlıq işlərinin aparılması sakinlərin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda, Daşkəsənin zəngin təbii ehtiyatları və turizm potensialı gələcək inkişaf üçün geniş imkanlar yaradır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.






