Daşkəsəndə Azərbaycan Polisi Günü qeyd olunub
İyulun 2-də Azərbaycan Polisi Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Polis Şöbəsinin şəxsi heyəti və polis veteranları Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, gül dəstələri düzüblər, Ümummilli Liderin əziz xatirəsini ehtiramla anıblar.
Sonra tədbir Daşkəsən Rayon Polis Şöbəsində davam etdirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında başda Daxili İşlər naziri, general-polkovnik hörmətli Vilayət Eyvazov olmaqla polis orqanlarında çalışan bütün əməkdaşları, o cümlədən Daşkəsən Rayon Polis Şöbəsinin şəxsi heyətini, veteranları Azərbaycan Polisi Günü münasibətilə təbrik edib, məsul və şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb, şəhid polis əməkdaşlarının əziz xatirəsini ehtiramla yad edib.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli məruzəsində bildirib ki, Azərbaycan polisi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və qanunçuluq prinsiplərinə daim sadiq qalaraq təhlükəsizliyin və ictimai asayişin etibarlı təminatçısı kimi fəaliyyət göstərir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, peşəkarlığının artırılması, xidmət şəraitinin, sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Məhəmməd Əhmədbəyli vurğulayıb ki, Daşkəsən Rayon Polis Şöbəsinin şəxsi heyəti üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi, ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi yönündə fəaliyyətini bundan sonra da yüksək məsuliyyətlə davam etdirəcəkdir.
Digər çıxış edənlər də Azərbaycan polisinin dövlətçiliyimizin möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin və hüquq qaydasının təmin edilməsində mühüm rol oynadığını qeyd edərək, polis əməkdaşlarının peşəkarlığını, fədakarlığını, Vətənə sədaqətlə xidmətini yüksək qiymətləndiriblər.
Sonda Daşkəsən Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.






