Daşkəsəndə “Aqroturizm sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda müzakirə təşkil olunub
Aprelin 24-də Daşkəsən Rayon İcra Hakimiyyətində KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun Daşkəsən KOB dostu tərəfindən təşkil edilmiş görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun, Gəncə Regional Turizm İdarəsinin, Daşkəsən DAİM-in, AQTA-nın Gəncə-Daşkəsən Regional İdarəsinin, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Daşkəsən xidmət şöbəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və kredit təşkilatlarının nümayəndələri, bələdiyyə sədrləri və yerli sahibkarlar iştirak ediblər.
Görüş iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından salamlayan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov bildirib ki, Daşkəsən rayonunun dağlıq relyefi, zəngin təbiəti və özünəməxsus kənd təsərrüfatı ənənələri var. Daşkəsəndə aqroturizm üçün əlverişli şərait mövcuddur. Rayonun əhalisi uzun illərdir, əsasən heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olur ki, bu da turistlərə orqanik məhsullar təqdim etməyə və onlara kənd həyatını yaxından tanıtmağa imkan verir. Rayon rəhbərliyi aqroturizmin inkişafına xüsusi diqqət yetirir, aidiyyəti qurumlarla birgə müxtəlif mühüm dəstək tədbirləri həyata keçirir. Bu sahənin təşəkkülü üçün infrastrukturun təkmilləşdirilməsi, peşəkar kadrların hazırlanması, hüquqi və texniki maarifləndirmənin aparılması, marketinq və tanıtımın təşkili, o cümlədən investorların cəlb olunması istiqamətində işlər davam etdirilir. Habelə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə rayonda turizm sahəsində müxtəlif maraqlı tərəflərin təmsil olunduğu İşçi Qrupu fəaliyyət göstərir. Rayon sakinlərinin və sahibkarlıq subyektlərinin turizm aktivliyinin təmin olunması, turizm məhsullarının hazırlanması, kənd təsərrüfatı ilə turizmin uzlaşdırılması, aqroturizmdən ələ edilən gəlirlərlə rayonun kənd təsərrüfatında yeniləşmənin aparılması, perspektivli iş yerlərinin yaradılması, turizm nümayiş obyektlərinin, o cümlədən turistik marşrutların təbliği, turların təşkili, tarix və mədəniyyət abidələri haqqında məlumatlandırma, turistlərə göstərilən iaşə xidmətinin müvafiq standartlara uyğunlaşdırılması kimi məsələlərin kompleks həllinə çalışılır. Beləliklə, Daşkəsəndə aqroturizmin inkişafı üçün həm dövlət, həm də yerli səviyyədə atılan addımlar, irəli sürülən təşəbbüslər rayonun turizm potensialının artırılmasına və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlərin gəlir imkanlarının genişləndirilməsinə xidmət göstərir.
Görüşdə sahibkarların problemləri dinlənilib, müxtəlif ehtiyacları öyrənilərək, müraciət və təklifləri qeydiyyata alınıb. Eyni zamanda, KOBİA-nın, DAİM-in və digər dövlət qurumlarının dəstək mexanizmləri və xidmətləri barədə məlumatlar verilib, güzəştli kreditlərdən istifadə qaydaları izah olunub, maarifləndirici materiallar paylanıb.