Daşkəsəndə Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərə görə fermerlərə sığorta ödənişlərini təqdim edib
Martın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, “AzerGold” QSC-nin, Aqrar Sığotra Fondunun və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı ilə Daşkəsən DAİM-in inzibati binasında keçirilən təbdirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü-sədrin müavini Xəyyam Fərzəliyev, Aqrar Sığorta Fondu İdarə Heyəti Sədrinin müşaviri İmran Cümşüdov, Daşkəsən DAİM-in direktoru Vüsal Rzayev, yerli fermerlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında bildirib ki, kənd təsərrüfatının inkişafı və fermerlərin rifahının yüksəldilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda olduğu kimi Daşkəsən rayonunda da kənd təsərrüfatının inkişafı sahəsində ardıcıl təsirli tədbirlər həyata keçirilir. 2024-cü ildə “AzerGold” QSC-nin təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə icra olunmuş “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi bu istiqamətdə təqdirəlayiq layihələrdən biridir. Layihə çərçivəsində Quşçu və Zəylik kəndlərindən olan 10 fermerə məxsus 10 hektar sahədə kartof əkini aparılmış və havanın qeyri-sabit keçməsinə baxmayaraq, 100 tona yaxın məhsul əldə edilmişdir. Bu təşəbbüs həm yerli fermerlərin məşğulluğuna, həm də rayonumuzda kənd təsərrüfatının daha da inkişafına töhfə vermişdir.
İcra başçısı vurğulayıb ki, 2024-cü ildə rayon ərazisində müşahidə olunan qeyri-sabit əlverişsiz hava şəraiti bəzi təsərrüfatlara, o cümlədən “AzerGold” QSC-nin həyata keçiridiyi layihə iştirakçılarının təsərrüfatlarına da ziyan vurmuşdur. Belə ki, intensiv dolunun düşməsi və leysan yağışları nəticəsində fermerlərimiz müəyyən itkilərlə üzləşmişlər. Bununla belə, dövlətimiz hər zaman olduğu kimi bu çətin vəziyyətdə də fermerlərin yanındadır. Aqrar Sığorta Fondunun və aidiyyəti qurumların birgə səyi nəticəsində ziyanların qarşılanması üçün sığorta ödənişləri həyata keçiriləcəkdir. Bu proses fermerlərimizin daha təhlükəsiz və dayanıqlı təsərrüfat aparması baxımından mühüm əhəmiyyət kəsb edir. Bir daha vurğulamaq istəyirəm ki, respublikamızda aqrar sektorun inkişafı və fermerlərimizin rifahı üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılmışdır.
Orxan Abbasov çıxışının sonunda deyib: “AzerGold” QSC-nin idarə heyətinin sədri hörmətli Zakir İbrahimova, Kənd Təsərrüfatı naziri hörmətli Məcnun Məmmədova, Aqrar Sığorta Fondunun idarə heyətinin sədri hörmətli Fuad Sadıqova və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Əminəm ki, birlikdə rayonumuzda kənd təsərrüfatının daha da inkişafına nail olacağıq”.
“AzerGold” QSC-nin idarə heyətinin üzvü-sədrin müavini Xəyyam Fərzəliyev vurğulayıb ki, “AzerGold” QSC-nin Daşkəsən rayonunda həyata keçirdiyi kartofçuluq layihəsi yalnız iqtisadi fayda deyil, həm də rayonda kənd təsərrüfatının inkişafına dəstək vermək, yerli fermerlərin məşğulluğunu artırmaq və onların rifahını yüksəltmək məqsədi daşımışdır. Xəyyam Fərzəliyev QSC-nin koorperativ sosial məsuliyyət tədbirləri çərçivəsində gələcəkdə daha çox layihələr və təşəbbüslərlə Daşkəsən rayonunun kənd təsərrüfatı sahəsinin də inkişafına töhfə verəcəklərini diqqətə çatdırıb.
Aqrar Sığorta Fondu İdarə Heyəti Sədrinin müşaviri İmran Cümşüdov isə Fondun əsas məqsədinin fermerləri üzləşdikləri risklərdən qorunmalarını təmin etmək olduğunu söyləyib. Məlumat verib ki, aqrar sığorta sistemi vasitəsilə baş verən təbii fəlakətlər, əlverişsiz hava şəraiti və digər gözlənilməz hallara qarşı fermerlərə sığorta ödənişləri verilir. Sığorta ödənişlərinin proseduru sadə və şəffafdır. Fermerlər bu sistemdən istifadə edərək, məhsul itkisini kompensasiya edə bilərlər. Həmçinin aqrar sığorta sosial-iqtisadi baxımdan çox vacib bir mexanizmdir və fermerlərin risklərini azaldaraq onların gələcəkdə də davamlı şəkildə fəaliyyət göstərmələrinə imkan verir.
Daşkəsən DAİM-in direktoru Vüsal Rzayev qeyd edib ki, fermerlərimizin iqtisadi dayanıqlığını təmin etmək və qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmələri üçün dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq çox vacibdir. Daşkəsən DAİM olaraq əsas məqsədimiz rayonumuzda kənd təsərrüfatının inkişafını dəstəkləmək, fermerlərə müxtəlif sahələrdə kömək etmək və onların problemlərinin həllinə yönəlmiş təsirli tədbirlər həyata keçirməkdir. Odur ki, bu cür layihələrin daha genişmiqyaslı və davamlı olmasından ötrü kənd təsərrüfatı sahəsində yeni təşəbbüslər və imkanlar yaradılmasına dəstək veririk.
Sonra zərərçəkmiş fermerlərin fikirləri dinlənilib. Fermerlər onlara baş verən zərərin qarşılanmasında sığorta ödənişlərinin mühüm rol oynadığını deyiblər, dövlətin və aidiyyəti qurumların göstərdiyi dəstəyə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Daşkəsən rayonunda “Azergold” QSC-nin dəstəyi ilə kartof təsərrüfatı yaratmış fermerlərə Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişləri təqdim olunub.