Daşkəsəndə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan “Şanlı Zəfər tariximiz” mövzusunda inşa müsabiqəsi keçirilib
Müsabiqə Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı əsasında rayonun ümumtəhsil məktəblərindən olan şagirdlərin iştirakı ilə baş tutub.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən müsabiqənin məqsədi Zəfər Gününün, Konstitusiya və Suverenliyimizin tarixi əhəmiyyətinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və şagirdlərin yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olub.
Daşkəsən RİH-nin məsul əməkdaşı Elmar Əliyev və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin Azərbaycan xalqının müstəqilliyinin, suverenliyinin və konstitusion əsaslarının qorunmasında müstəsna rolunu vurğulayıblar. Natiqlər qeyd ediblər ki, Ümummilli Liderin əsasını qoyduğu siyasi xətt bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə və uğurla davam etdirilir. Məhz bu uzaqgörən və milli ideallara əsaslanan siyasətin nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin, zabit və əsgərlərimizin qəhrəmanlığı, fədakarlığı bahasına qazanılmış bu Zəfər xalqımızın milli iradəsinin, birliyinin və sarsılmaz həmrəyliyinin rəmzidir.
Münsiflər heyətinə təqdim olunan inşa yazıları şagirdlərin yaradıcılıq, mövzuya yanaşma tərzi, düşüncələrini dolğun şəkildə ifadə etmə bacarıqları əsas götürülərək qiymətləndirilib və qaliblər müəyyən edilib.
Müsabiqədə fərqlənən və qalib gələn şagirdlər mükafatlandırılıb.






