Daşkəsəndə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı növbəti görüş təşkil olunub
Noyabrın 6-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı hazırlanmış Tədbirlər Planı”na uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun dəstəyi ilə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları və qazilərlə, habelə şəhid anaları ilə görüş keçirilib.
Tədbirin məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfər barədə məktəbliləri məlumatlandırmaq, yeniyetmələrə vətənpərvərlik hisslərini aşılamaq, Vətən müharibəsinin canlı iştirakçılarını və şəhidlərimizi böyüməkdə olan gənc nəslə yaxından tanıtmaqdır.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlanan görüşdə çıxış edənlər qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə təbriklərini çatdırdıqdan sonra bildiriblər ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı elan etdiyi Şuşanın işğaldan azad olunması müjdəsi xalqımıza böyük sevinc, qürur və fəxarət hissi bəxş etdi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də mənəvi, milli və siyasi müstəvilərdə dönüş nöqtəsi oldu. Azərbaycan xalqının tarixi iradəsi, milli həmrəyliyi və dövlət rəhbərliyinin strateji uzaqgörənliyi bu Zəfəri mümkünləşdirdi.
Daşkəsənli qazilər isə öz döyüş xatirələrini bölüşüb, Vətən uğrunda mübarizənin nə qədər şərəfli və məsuliyyətli olduğunu vurğulayıblar. Həmçinin məktəblilərin suallarını cavablandırıblar.
Tədbirdə çıxış edən şəhid anaları övladlarının qəhrəmanlıqları barədə danışaraq, onların Vətən torpağı uğrunda canlarını fəxrlə qurban verdiklərini söyləyiblər. Şəhid anaları gənclərə səslənərək Vətəni sevməyi, onu qorumağı və daim qəhrəman oğul və qızlarımızın yolu ilə getməyi tövsiyə ediblər.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təqdim etdiyi Vətən müharibəsinə həsr olunan sənədli film şagirdlər tərəfindən böyük maraqla izlənilib və onlarda qürur, Vətənə sevgi hissləri oyadıb.
Zəfər tariximizə dair viktorinada məktəblilər biliklərini sınayıb, fəallığı ilə seçilən iştirakçılar xüsusi döş nişanları ilə mükafatlandırılıb.
Eyni zamanda “Əsgərə məktub” layihəsinə də yer ayrılıb. Şagird və müəllimlər əsgərlərimizə ürək sözlərini və xoş arzularını əks etdirən məktublar yazaraq onlara mənəvi dəstək nümayiş etdiriblər.






