Daşkəsəndə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı görüşlər təşkil olunub
27-28 oktyabr tarixlərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı hazırlanmış Tədbirlər Planı”na uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun dəstəyi ilə Aşağı Daşkəsən kənd G.İsmayılov adına və Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəblərində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüşlər keçirilib.
Görüşlərin məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfər barədə məktəbliləri məlumatlandırmaq, yeniyetmələrə vətənpərvərlik hisslərini aşılamaq, Vətən müharibəsinin canlı iştirakçılarını və şəhidlərimizi böyüməkdə olan gənc nəslə yaxından tanıtmaqdır.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlanan görüşlərdə çıxış edənlər qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə təbriklərini çatdırdıqdan sonra vurğulayıblar ki, 44 günlük Vətən müharibəsi xalqımızın qətiyyət və əzminin, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əsl sərkərdəlik qabiliyyətinin, siyasi iradəsinin və uzaqgörənliyinin təntənəsi kimi tariximizin şərəf və qürur səhifəsinə çevrilmişdir.
Daşkəsənli qazilər isə keçdikləri çətin və şərəfli döyüş yolları ilə bağlı xatirələrini bölüşüblər. Qalib Azərbaycan Ordusunun rəşadətindən, xalqımızın şanlı Ordumuza verdiyi sonsuz dəstəkdən söz açıblar. Müharibə bitdikdən sonra Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Vətən müharibəsi əlillərinə və iştirakçılarına hər zaman göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Habelə məktəblilərin suallarını cavablandırıblar.
Görüşlərdə həmçinin 44 günlük Vətən müharibəsinə həsr olunan sənədli filmlər nümayiş etdirilib. Filmlər şagirdlər tərəfindən böyük maraqla izlənilib və onlarda qürur, Vətənə sevgi hissləri oyadıb.
Zəfər tariximizə dair viktorinalarda məktəblilər biliklərini sınayıb, fəallığı ilə seçilən iştirakçılar xüsusi döş nişanları ilə mükafatlandırılıb.
Eyni zamanda “Əsgərə məktub” layihəsinə də yer ayrılıb. Şagird və müəllimlər əsgərlərimizə ürək sözlərini və xoş arzularını əks etdirən məktublar yazaraq onlara mənəvi dəstək nümayiş etdiriblər.






