Daşkəsəndə 8 Mart – Beynəlxalq Qadınlar Günü təntənəli bayram tədbiri ilə qeyd olunub
Martın 7-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Daşkəsən rayon Komitəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Daşkəsən rayon Komitəsinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı ilə seçilən xanımlar, şəhid ailələrinin xanım üzvləri və ictimaiyyət nümayəndləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suvrenliyi uğrunda həlak olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın simasında qadınları təbrik edib, onlara xoş arzularını çatdırıb. İcra başçısı çıxışında vurğulayıb ki, müstəqil Azərbaycan Respublikasının dövlət-qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə qadın hərəkatı inkişaf etmiş, mütəşəkkil xarakter almış, bir çox yeni qadın təşkilatları təsis edilmiş, qadınlar ictimai-siyasi həyata, qərar vermə proseslərinə geniş cəlb olunmuşdur. Təməl prinsiplərini Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin qadın siyasəti bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uğun yeni meyarlarla zənginləşdirilərək uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhəbərliyi ilə həyata keçirilən dövlət-qadın siyasəti nəticəsində Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin edilmiş, onların hüquqlarının qorunması və gender bərabərliyinin reallaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyeva da öz geniş fəaliyyəti ilə ölkəmizdə və beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın simasında dünya dövlətlərinə dərin bilikli və yüksək intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist, xeyirxah Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanım Əliyevanın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunmuşdur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həm də sülh carçısıdır. Beynəlxalq ictimaiyyət onu insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır. Mehriban xanım Əliyeva Qarabağ qazilərinə, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir, davamlı olaraq onların sosial qayğılarını həll edir. Eyni zamanda Mehriban xanım Əliyeva zəngin mədəniyyətimizin, tarixi dəyərlərimizin hamisidir. Onun bu nəcib missiyasında daha bir qürurverici tarixi dönəm başlamışdır. Cənab Prezidentimizlə birgə işğaldan azad olunmuş Qarabağa və Şərqi Zəngəzura səfərlər edən Mehriban xanım Əliyeva bu torpaqlarda yeni həyat quruculuğuna, həmçinin bu ərazilərdə maddi-mədəni, tarixi-dini abidələrimizin bərpasına böyük töhfələr verir.
Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sevil Ələsgərova, şəhid anası Sevda Şıxıyeva, Daşkəsən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova çıxışlarında bildiriblər ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində öz şücaəti, ziyalılığı, cəsurluğu və möhkəm iradəsi ilə yalnız ailədə deyil, ictimai həyatda da xüsusi fəallıq göstərmiş, milli xüsusiyyətlərini, sədaqətliliyini və ülvi hisslərini qoruyub saxlamışdır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınlar üçün bərabər imkanlar yaradılmışdır. Hazırda ölkəmizdə elə bir fəaliyyət sahəsi yoxdur ki, orada qadınlarımız təmsil olunmasın və uğur qazanmasın. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət-qadın siyasətinə sadiq qalan, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşən daşkəsənli qadınlar da ölkəmizin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edir, öz töhfələrini əsirgəmirlər.
Rəsmi hissədən sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.