Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib

02 oktyabr 2025 | 16:30

Oktyabrın 2-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri – baş katib Pərvanə İsmayılova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin sədri Rabil İbrahimov, rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin müəllimləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İcra başçısı Orxan Abbasov Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara xoş arzularını çatdırıb. Rayon rəhbəri qeyd edib ki, müasir müstəqil Azərbaycanın təhsil siyasətinin banisi Ulu Öndər Heydər Əliyev müəllim əməyinə hər zaman yüksək dəyər vermiş, "Mən dünyada müəllimlikdən yüksək ad tanımıram" deyərək bu peşənin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu dəfələrlə vurğulamışdır. Məhz Ulu Öndərin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda təhsilin inkişafına əsaslı zəmin yaradılmış, bu sahədə genişmiqyaslı islahatların təməli qoyulmuşdur. Bu gün də Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində davamlı inkişaf təmin olunur. Müasir məktəblərin tikilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, təhsildə keyfiyyətin yüksəldilməsi dövlətin bu sahəyə olan xüsusi diqqətinin bariz nümunəsidir. Orxan Abbasov diqqətə çatdırıb ki, ölkə rəhbərliyi tərəfindən Daşkəsən rayonunda da təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır. Rayonda fəaliyyət göstərən müəllimlər fədakarlıqları ilə seçilir və onlar Daşkəsənin təhsil nəticələrinin yüksəlməsi üçün bütün qüvvələrini sərf edirlər.

Çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrin müşaviri – baş katib Pərvanə İsmayılova müəllimləri təbrik edərək bildirib ki, bu gün müəllim yalnız dərs deyən deyil, həm də gənc nəslin tərbiyəçisi, cəmiyyətin maarifləndiricisidir. O vurğulayıb ki, müəllimlərin əməyinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi həm hökumət, həm də həmkarlar ittifaqı tərəfindən daim diqqət mərkəzindədir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin sədri Rabil İbrahimov çıxış edərək müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Məlumat verib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı kimi fəaliyyət göstərmiş qurumun adı dəyişdirilərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Republika Komitəsi olmuşdur. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsi də rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrində çalışan əməkdaşların əmək, sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı əsas məqsəd kimi qarşısına qoyur. Komitənin əsas fəaliyyəti əmək münasibətlərinin tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, həmçinin mədəni-kütləvi və maarifləndirici tədbirlərin təşkili ilə bağlıdır. Struktur baxımından komitə təhsil müəssisələrində fəaliyyət göstərən ilk təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir, üzvlərin hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş təşəbbüslərlə çıxış edir, eyni zamanda istirahət, sanatoriya-kurort yollayışlarının təşkili və gənclərlə iş sahəsində müxtəlif sosial layihələrin reallaşdırılmasını təmin edir.

Sonra təhsildə fərqlənən və uzunmüddətli səmərəli fəaliyyət göstərən bir qrup müəllimə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Məktəblilərin hazırladığı bədii hissə tədbirə əlavə rəng qatıb.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər