Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub

29 aprel 2025 | 11:58

“AzerGold” QSC tərəfindən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib. “Əməyin təhlükəsizliyi və gigiyenasına inqilabi yanaşmalar: iş yerlərində süni intellekt və rəqəmsallaşmanın rolu” mövzusunda keçirilən tədbirdə “AzerGold” QSC, Daşkəsən Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və ÇİRES-də çalışan podratçı şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə ÇİRES-də təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdən bəhs olunub. Bildirilib ki, emal sahəsində ən yüksək standartlara cavab verən texnologiyalar tətbiq edilir, rəqəmsal və avtomatik rejimdə istehsalata nəzarət edən sistemlərdən istifadə genişləndirilir. Bununla da istehsalatda bədbəxt hadisələr, peşə xəstəliklərinin qarşısının alınması, əməyin təhlükəsizliyinin qorunmasına nail olunur. Fəaliyyət dövrü ərzində “AzerGold” QSC-də təhlükəsiz ötüşən iş saatlarının sayının öz tarixi maksimumuna – 6 milyon saata çatdığı vurğulanıb.

Sonra ÇİRES-də yerləşən Çəndə Qələviləşdirmə Zavodunda yaradılmış şəraitlə tanış olunub. Zavodda tətbiq edilən SCADA (İdarəetməyə nəzarət və məlumatların toplanması - Supervisory Control and Data Acquisition) sistemi barədə məlumat verilib. Qeyd olunub ki, SCADA məlumatların toplanması, analizi və uzaqdan idarəetmə üçün rəqəmsal texnologiyalara əsaslanan sistemdir. Sənayedə prosesləri izləmək və idarə etmək üçün istifadə olunan bu tip sistemlər, eləcə də ən son model qurğu və avadanlıqlar insanların zərərli iş mühitinə məruz qalmasının qarşısını alır, yüksək keyfiyyətli istehsalat prosesini təmin edir.

Tədbirin sonunda ÇİRES-də sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə fəaliyyətlərə töhfə verən “AzerGold” QSC və podratçı şirkətlərin əməkdaşlarına təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.

Keçidlər