Daşkəsəndə 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunan “Xalqımızın qürur salnaməsi: Şəhidlər” adlı tədbir keçirilib
Sentyabrın 25-də Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayon Mədəniyyət Mərkəzi, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsi və “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş “Xalqımızın qürur salnaməsi: Şəhidlər” adlı tədbirdə Vətən müharibəsi qaziləri, mədəniyyət və təhsil işçiləri, məktəblilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Toplantı müstəqil Azərbaycan Respublikasının memarı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqdan, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən tarixi Zəfərdən bəhs olunub. Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu və xalqın milli həmrəyliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edib.
Tədbirdə Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan da söz açılıb. Vurğulanıb ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə və müharibə iştirakçılarına göstərilən qayğı dövlətimizin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindən biridir.
Çıxış edən daşkəsənli Vətən müharibəsi qaziləri Orxan Babayev və Nəsimi Qafarov Vətən müharibəsi zamanı keçdikləri döyüş yolundan, döyüş yoldaşlarından və həmin tarixi günlərlə bağlı xatirələrindən danışıblar. Qazilər bildiriblər ki, Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Ordusunun yüksək döyüş ruhu, Vətən sevgisi və qəhrəmanlığı 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əsas amillərindən olub. 27 Sentyabr – Anım Günü xalqımızın yaddaşında Vətən uğrunda canından keçmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsinə dərin ehtiramın ifadəsidir.
Daha sonra 27 Sentyabr – Anım Gününə və Vətən müharibəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.






