Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunan “Vətən əmanətdir” adlı tədbir təşkil edilib

24 sentyabr 2026 | 16:55

Sentyabrın 24-də Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunan “Vətən əmanətdir” adlı tədbir keçirilib. Tədbirdə RİHBA-nın məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, təhsil işçiləri, müəllimlər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantı Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının memarı, Ümummilli Lider Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğu diqqətə çatdırılıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə göstərilən qəhrəmanlıqdan, şəhidlərin və qazilərin keçdiyi şərəfli döyüş yolundan söz açılıb. Həmçinin bildirilib ki, hazırda “Böyük Qayıdış” proqramına əsasən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, şəhər və kəndlərin siması yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.  Azərbaycanın digər bölgələri kimi Daşkəsənin də bu böyük quruculuq prosesinin ümumi ruhunu yaşatdığı, rayonda abadlıq, quruculuq və sosial layihələrlə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə diqqət yetirildiyi vurğulanıb. Qeyd olunub ki, Vətən yalnız ərazi anlayışı deyil, həm də tarix, milli yaddaş, mənəvi dəyərlər və gələcək nəsillərə ötürülən müqəddəs əmanətdir.

Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın ölkənin ictimai, mədəni və humanitar həyatında, xüsusilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının artırılmasında reallaşdırdığı layihələrin əhəmiyyətindən də danışılıb.

Məktəblilərin təqdim etdiyi ədəbi-bədii kompozisiyalar tədbirə xüsusi ovqat qatıb. Şagirdlər Vətənə, şəhidlərə və qəhrəmanlıq mövzusuna həsr olunmuş şeirlər səsləndirib, səhnəciklər göstəriblər.

Şəhid ailələrinin üzvləri və qazilər də çıxış edərək Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüblər, yeniyetmə və gənclərə Vətənə, dövlətə və milli dəyərlərə sədaqətli olmağı tövsiyə ediblər.

Keçidlər