Daşkəsəndə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub
İyunun 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Daşkəsən Şəhidlər Xiyabanı ziyarət olunub, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, dualar oxunub. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidəsinin önünə gül dəstəsi qoyaraq şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusunun şəxsi heyətini, hərbi qulluqçuları, müharibə veteranlarını və şəhid ailələrini təbrik edib. O, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Orxan Abbasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın ordu quruculuğu siyasəti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu müasir silahlanmaya, yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik regionun ən güclü ordusuna çevrilib. Dövlət tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən yüksək diqqət və qayğı da bu siyasətin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” 25 iyun 2026-cı il tarixli Sərəncamı ilə Daşkəsən rayonundan olan 20 şəhid 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu ali təltiflər şəhidlərimizin qəhrəmanlığının dövlət tərəfindən yüksək qiymətləndirilməsinin və onların ailələrinə göstərilən həssas münasibətin və qayğının növbəti təzahürüdür.
Tədbir çərçivəsində Orxan Abbasov şəhid ailələri, müharibə əlilləri, ağsaqqallar və veteranlarla görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. Səsləndirilən müraciət və təkliflər diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Tədbir iştirakçıları ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib, Azərbaycan Ordusunun bundan sonra da ölkəmizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısı olacağına əminliklərini bildiriblər.






