Daşkəsəndə 2025-ci ildə rayon ərazisində kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlərə həsr olunan müşavirə keçirilib
Martın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətində 2025-ci ilin iyulun 15-dən avqustun 15-dək Daşkəsən rayonunda keçiriləcək kənd təsərrüfatınının siyahıyaalınmasına hazırlıqla əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2024-cü il tarixli 135 nömrəli Sərəncamı ilə yaradılmış müvafiq yardım Komissiyasının müşavirəsi keçirilib. Müşavirədə “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarından irəli gələn məsələlər müzakirə olunub.
Toplantıda Komissiyanın sədri, sədr müavini, komissiya üzvləri və aidiyyəti şəxslər iştirak ediblər.
Komissiyanın sədri Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov Daşkəsən rayonu ərazisində kənd təsərrüfatının siyahıyaalınması ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılması, siyahıyaalınmaya cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına malik olan şəxslərdən müəyyənləşdirilməsi və bununla bağlı digər tədbirlərin təmin olunması barədə qarşıda duran vəzifələri qeyd edib. Diqqətə çatdırıb ki, kənd təsərrüfatının siyahıyaalınması ölkə təcrübəsində ilk dəfə olaraq planşetlər vasitəsilə həyata keçiriləcək. İlkin hesablamalara görə rayon ərazisində 4373 ev təsərrüfatının siyahıyaalma ilə əhatə olunacağı planlaşdırılır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlərə uyğun rayonda kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi məqsədilə hər 120 təsərrüfata bir nəfər sayıcı olmaqla 36 sayıcının, habelə 1 ehtiyat sayıcının və hər 10 sayıcıya 1 nəfər olmaqla 4 təlimatçı-nəzarətçinin işə cəlb edilməsi nəzərdə tutulur. Tapşırığın yerinə yetirilməsinə 40 təqvim günü müəyyən edilmişdir.
Müşavirə mövzu ətrafında müzakirələrlə davam edib, məsələlər təhlil olunub və görüləcək işlər müəyyənləşdirilib.
Ümumilikdə 2025-ci ildə ölkəmizdə keçiriləcək kənd təsərrüfatının siyahıyaalınması nəticəsində bütün kateqoriyalarda təsərrüfatların istehsal fəaliyyəti, o cümlədən torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, cins heyvan və quşların sayı, istifadə olunan yemin növləri, akvakultura, kənd təsərrüfatı təyinatlı tikililər, işçi qüvvəsi və s. barədə aktual məlumatların əldə edilməsinə imkan yaranacaqdır. Bütün bunlar müvafiq qərarların qəbul edilməsində mühüm informasiya mənbəyi kimi çıxış etməklə, bu sahədə statistik müşahidə və tədqiqatların, elmi araşdırmaların aparılmasında baza rolunu oynayacaq, eyni zamanda müvafiq statistik məlumatların beynəlxalq müqayisəliliyi təmin ediləcəkdir.