Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümü münasibətilə şəhid Ülvi Bünyadzadənin xatirəsinə həsr olunan “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adlı tədbir təşkil edilib

15 yanvar 2026 | 18:07

Yanvarın  15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Daşkəsən rayonu üzrə Təhsil Sektoru ilə birgə Daşkəsən şəhəri İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirdikləri tədbirdə müəllim-şagird kollektivi, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən məktəbin direktoru Sevil Ələsgərova bildirib ki, Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlığın, vətənpərvərliyin zəfər salnaməsidir. Bu qətliyam xalqımızın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq üçün törədilmişdi. Lakin Sovet imperiyası Azərbaycan xalqının iradəsini qıra bilmədi. Qanlı Yanvar hadisələri milli-azadlıq hərəkatının daha da yüksəlməsinə səbəb oldu və nəticə etibarilə  xalqımız qanı bahasına da olsa, azadlığına və suverenliyinə qovuşdu. Sevil Ələsgərova vurğulayıb ki, 20 Yanvar şəhidlərindən olan Ülvi Yusif oğlu Bünyadzadə Daşkəsən şəhəri İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu olmuşdur. Buna görə də, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hər il ənənəvi olaraq məktəbdə təşkil edilən tədbirlər “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adı altında keçirilir. Həyat üçün doğulub Vətən üçün ölmək eşqi Ülvi Bünyadzadənin idealı idi. O öz canını Vətəni uğrunda fəda etməklə əsl vətəndaşlıq nümunəsi göstərmişdir. Bu gün Ülvi Bünyadzadənin adı xalqımız, o cümlədən məktəbimizin hər bir müəllim və şagirdi üçün əziz olmaqla, həm də bizim fəxr və qürur yerimizdir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev çıxışında deyib ki, 20 Yanvar şəhidlərini xalqımız heç vaxt unutmur. Daşkəsən şəhəri İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olan 149 şəhiddən biri Ülvi Bünyadzadə təhsil almış və o vətənpərvərliyi, cəsarəti, gənc yaşında göstərdiyi şücaəti ilə Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin simvollarından birinə çevrilmişdir. Elmar Əliyev  diqqətə çatdırıb ki, 20 Yanvar günlərində xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev olmuşdur. Ümummilli Liderimiz 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, təcavüzə kəskin etirazını bildirmiş, qətliamı törədənləri, şəxsən Mixayıl Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etmişdir. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev bununla hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirmişdir. Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi.

Tədbirdə çıxış edən Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Samir Həsənov və Təhsil Sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli Ümumxalq Hüzn Gününün tarixi əhəmiyyətindən, ictimai-siyasi mahiyyətindən danışaraq, onu xalqımızın müstəqillik və suverenlik uğurunda apardığı mübarizənin təntənəsi kimi səciyyələndiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı uzun illərdir, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində şanlı zəfərlər qazanmış, işğal altında olan torpaqlarımızı azad etmişdir. Eyni zamanda Xankəndidə əldə olunan uğurlar göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmayıb, onların fədakarlığı və xalqımızın azadlıq uğrunda mübarizəsi hər zaman qələbə ilə nəticələnir. Heç bir qüvvə xalqımızın birliyini, iradəsini və mübarizə əzmini sındıra bilməz.

Daha sonra məktəblilər Ülvi Bünyadzadənin vətənpərvərlik mövzusunda şeirlərini söyləyiblər, bədii səhnəciklər göstəriblər.

Keçidlər