Daşkəsəndə 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunan “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adlı tədbir keçirilib
Yanvarın 15-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayonu üzrə Təhsil Sektoru ilə birgə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adlı tədbir keçirib.
Daşkəsən şəhəri İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə Daşkəsən RİHBA-nın məsul əməkdaşı Elmar Əliyev, rayon Gənclər və İdman sektorunun müdiri Samir Həsənov, Təhsil sektorunun aparıcı məsləhətçisi Elməddin Allahverdiyev, məktəbin müəllim-şagird kollektivi, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən məktəbin direktoru Sevil Ələsgərova bildirib ki, keçmiş Sovet imperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq ölkəmizin azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidləri tariximizin qəhrəmanlarıdır. 20 Yanvar şəhidlərindən olan Ülvi Yusif oğlu Bünyadzadə Daşkəsən şəhəri İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin məzunu olmuş və elə həmin məqsədlə də hər il 20 Yanvar faciəsinin ildönümü ilə bağlı məktəbdə tədbirlər “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adı altında keçirilir. Həyat üçün doğulub Vətən üçün ölmək eşqi Ülvi Bünyadzadənin idealı idi. O öz canını Vətəni uğrunda fəda etməklə əsl vətəndaşlıq nümunəsi göstərmişdir. Bu gün Ülvi Bünyadzadənin adı məktəbimizin hər bir müəllim və şagirdi üçün əziz olmaqla, həm də bizim fəxr və qürur yerimizdir.
S.Ələsgərova şəhidin ömür yolundan söz açıb: “Ülvi Bünyadzadə 12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin fəal üzvü olmuşdur. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddiillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarırdı. 1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə təqdim etmişdir. İmtahanları müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən şəhərinə qayıdaraq, rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. 1987-ci ildə APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınmışdır. İnstitutun qəzetində yazıları mütəmadi çap olunmuşdur. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmət keçmişdir. Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilmişdir. 1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirliyinin həmin dövrdəki qərarına əsasən tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olunmuşdur. APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak edərək, uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olmuşdur. 10 sentyabr 1989-cu ildə Ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək müqəddəs "And"ını yazmışdır”.
Natiq onu da qeyd edib ki, Sov.İKP-nin bütün sovet xalqlarının həyatında oynadığı mənfi rolu başa düşərək Bakıya qayıdan Ülvi Bünyadzadə Azadlıq meydanında mitinq zamanı: "Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq", – deyərək kommunist biletindən imtina etdiyini bildirmiş, bileti oradaca ovcunun içində nümayişkaranə surətdə yandırmışdır. 19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və saat 00:20-də həlak olmuşdur. Dostları, tələbə yoldaşları və müəllimləri Ülvinin cəsədini Semaşko adına xəstəxanadan tapmışlar. Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbirdə dəfn olunmuşdur.
Daşkəsən RİH-nin məsul əməkdaşı Elmar Əliyev faciə zamanı həlak olan şəhidlərimizin əziz ruhuna Allahdan rəhmət diləyərək çıxışında deyib: “20 Yanvar şəhidlərini xalqımız heç vaxt unutmayacaq. Daşkəsən şəhəri İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 149 şəhiddən biri Ülvi Yusif oğlu Bünyadzadə təhsil almışdır. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev olmuşdur. Ümummilli Liderimiz 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, təcavüzə kəskin etirazını bildirmiş, qətliamı törədənləri, şəxsən Mixayıl Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etmişdir. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev bununla hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi”.
Tədbirdə digər çıxış edənlər də Ümumxalq Hüzn Gününün tarixi əhəmiyyətindən, ictimai-siyasi mahiyyətindən danışaraq, onu xalqımızın müstəqillik və suverenlik uğurunda apardığı mübarizənin təntənəsi kimi səciyyələndiriblər.
Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər, bədii səhnəciklər göstəriblər.