Daşkəsəndə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında dama üzrə rayon birinciliyi başa çatıb
15-16 yanvar tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon üzrə Gənclər və İdman Sektorunun və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş dama birinciliyi keçirilib.
Yarışın keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsini anmaq, yeniyetmə və gənclərə vətənpərvərlik hisləri aşılamaq, məktəblilər arasında idman və dostluq əlaqələrini inkişaf etdirmək olub.
Birinciliyin bağlanış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daşkəsən RİHBA-nın məsul əməkdaşı Elmar Əliyev çıxışında bildirib ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Samir Həsənov qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsi heç vaxt yaddaşlardan silinməyəcək. 20 Yanvar hadisələri xalqımızın Vətənə, torpağa sədaqətini, müstəqillik və suverenlik uğrunda mübarizəsini bütün dünyaya göstərən qürur mənbəyimizdir.
Yarışda 35 məktəbli qüvvəsini sınayıb.
I yerə Daşkəsən şəhəri S. Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Hüseynov Rüfan Bərhuz oğlu, II yerə Daşkəsən şəhəri İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Hüseynov Kamil Fikrət oğlu, III yerə Daşkəsən şəhəri İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Hümbətov Nurlan Şöhrət oğlu layiq görülüb. Fərqlənən məktəblilər Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif ediliblər.






