Daşkəsəndə 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə ümumrayon toplantısı keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə keçirilən ümumrayon toplantısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailəsi, qazilər və ictimaiyyət nümayəndələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzərək, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətində davam edən ümumrayon toplantısı Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Ümumrayon toplantısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov dərin məzmunlu geniş məruzə ilə çıxış edib. O, çıxışında deyib:
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə 19 sentyabr 2024-cü il tarixli Sərəncam imzalamışdır. Bu əlamətdar gün Azərbaycan xalqının suveren iradəsinin, ərazi bütövlüyü və dövlət müstəqilliyinin təmin edilməsinin parlaq təcəssümüdür. Qəhrəman əsgər və zabitlərimizin, müqəddəs şəhidlərimizin qanı-canı bahasına əldə edilmiş ərazi bütövlüyümüz və suverenliyimiz xalqımızın tükənməz milli sərvətidir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə sizi ürəkdən təbrik edirəm, Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin inkişafı, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə uğurlu fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram!
Azərbaycanın zəngin dövlətçilik irsi, tarixən mövcud olmuş müstəqil dövlətlərimiz həm də xalqımızın suverenlik irsidir. Suverenlik elə bir irsdir ki, hətta əsarət altında olanda belə insanların yaddaşlarından silinmir, nəsildən-nəslə ötürülərək yaşadılır. Təsadüfi deyil ki, tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğallara, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın suverenlik və müstəqil dövlətçilik əzmini sarsıda bilməmişdir. Bu baxımdan hələ 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın çoxəsrlik ictimai-siyasi fikrindən irəli gələn milli oyanışa və dirçəlişə əsaslanmışdı. Öz ərazisində dövlət hakimiyyətinə malik olan Azərbaycan Xalq Cümhuriyyəti müstəqil xarici və daxili siyasət yeridirdi. Cümhuriyyətin müstəqil və suveren dövlət təsisatları – parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan bir çox xarici dövlət tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 28-də Sovet imperiyası beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren respublikamızın ərazisini işğal etdi, qanuni yolla seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və xalqımızın çox böyük qurbanlar hesabına qazandığı müstəqilliyinə son qoydu.
Əlbəttə, müstəqillik və suverenlik hissini və arzusunu Azərbaycan xalqının milli yaddaşından silib atmaq mümkün deyildi. Azərbaycan xalqı hələ sovet dövlətinin mövcud olduğu dövrdə öz azadlığı uğrunda mübarizəyə başlamışdı. Bu mənada 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası yalnız SSRİ-nin çöküşünün və mövcudiyyətinə son qoymasının nəticəsi deyildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpası həm də xalqımızın apardığı çoxillik milli-azadlıq mübarizəsinin məntiqi nəticəsi idi.
Beləliklə, 1918-ci il mayın 28-də Milli Şuranın qəbul etdiyi İstiqlal Bəyannaməsini, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsini rəhbər tutaraq, Ali Sovet tərəfindən 1991-ci il oktyabrın 18-də qəbul olunan "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə müasir Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini və suverenliyini ikinci dəfə elan etdi. 1991-ci il dekabrın 29-da respublikamızda ümumxalq referendumu keçirildi və əhalinin 95 faizi bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi. Bununla da Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə mindi və XX əsrin sonlarında, SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.
Azərbaycanın müasir müstəqilliyinə gedən yol öz başlanğıcını yalnız 80-ci illərin sonunda baş qaldıran xalq hərəkatından götürməmişdi. Bu istiqamətdə milli-ideoloji proseslər hələ ötən əsrin 70-ci illərindən özünü göstərməyə başlamışdı. Belə ki, o dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlər, nail olduğu inkişaf tendensiyası Azərbaycanın dövlət müstəqilliyi ideyalarının formalaşmasına xidmət edən reallıqları özündə ehtiva edirdi. Məhz həmin dövrdən etibarən Azərbaycanın gələcək müstəqilliyinin strateji əsaslarının hazırlanması prosesi başlanmışdı.
Azərbaycanda sovet hakimiyyəti illərində Heydər Əliyevin gərgin fəaliyyəti ilə yaradılmış güclü iqtisadi potensialın mövcudluğu və milli oyanışdan irəli gələn müstəqil dövlətçilik əzmi ötən əsrin 80-ci illərinin sonlarından etibarən xalqımızın müstəqillik uğrunda mübarizəsini şərtləndirən tarixi amilləri müəyyənləşdirdi. Onu da xüsusilə qeyd etməliyik ki, həmin dövrdə başlayan milli-azadlıq mübarizəsini yeni mərhələyə yüksəldən, onu dönməz edən, bu prosesə qoşulan insanları daha da cəsarətləndirən, vahid ideya ətrafında sıx birləşdirən də Heydər Əliyevin dahiliyi, yüksək siyasi liderlik keyfiyyətləri idi.
SSRİ rəhbərliyinin fəaliyyətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verən Ulu Öndər Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlişindən sonra respublikamızda başlanmış dövlət müstəqilliyimizin bərpası uğrunda mücadilə özünün keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoydu. Bu dövrün əsas xüsusiyyətləri ondan ibarətdir ki, xalqımızın müstəqillik və milli suverenlik mübarizəsinə əhəmiyyətli dərəcədə təsir edən praktik siyasi qərarlar 1990-1991-ci illərdə məhz Naxçıvanda qəbul edildi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və ölkəmizdə sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayrağımız birinci dəfə 1990-cı ilin noyabrında Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda rəsmi şəkildə ucaldılmış və muxtar respublikanın bayrağı elan olunmuşdu. Muxtar respublikada Kommunist Partiyasının bütün dayaqlarının fəaliyyətinə son qoyan Ulu Öndərin başqa bir təşəbbüsü ilə Naxçıvanın rəsmi adından "sovet" və "sosialist" sözlərinin çıxarılması da sıradan bir siyasi hadisə deyildi. Bu, hələ sovet dövlətinin mövcud olduğu bir vaxtda öz dövlətinin və xalqının maraqları uğrunda qətiyyətlə mübarizə aparmağın, cəsarətin, milli fədakarlığın ən böyük nümunəsi idi.
Azərbaycanın ovaxtkı rəhbərliyinin susqunluq nümayiş etdirdiyi bir vaxtda yenə də Heydər Əliyevin sayəsində Naxçıvan Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdi. 1991-ci ildə isə sovet dövlətinin gələcək taleyi ilə bağlı referendum Naxçıvan Muxtar Respublikasında ümumiyyətlə keçirilməmişdi. Bütün bunların hər biri Azərbaycan xalqının öz suverenliyi uğrunda mübarizəsinə təkan verən, onu yeni mərhələyə yüksəldən olduqca ciddi siyasi qərarlar idi. Odur ki, bu qərarların hər biri Azərbaycanın müstəqillik və suverenlik yolunun mühüm hadisələri kimi tariximizə əbədi həkk olunmuşdur.
Məlum olduğu kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı, şəxsi ambisiyaları və maraqları ucbatından xalqımız çoxsaylı təhlükələrlə üzləşdi, ağır sınaqlardan keçdi. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirdi, onun gələcək taleyini sual altında qoydu. Bütün bunların səbəbkarı olan Mütəllibov və AXC-Müsavat iqtidarları Konstitusiya Aktından irəli gələn vəzifələrin yerinə yetirilməsini, müstəqil dövlətçiliyin hüquqi və siyasi əsaslarının formalaşdırılmasını təmin etmədilər.
Eyni zamanda 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atan Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranlarla yanaşı, Ermənistanın hərbi təcavüzü ilə də üz-üzə qaldı. Təəssüflə qeyd etməliyik ki, məhz hakimiyyətdə olan qüvvələrin bu məsələ ilə bağlı düzgün, ardıcıl və qətiyyətli fəaliyyətinin olmaması torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı üçün əlverişli zəmin yaratdı. Məhz Mütəllibov və AXC-Müsavat iqtidarlarının yarıtmaz və xəyanətkar idarəçilikləri nəticəsində ərazilərimiz işğal olunaraq, ərazi bütövlüyümüzə və suverenliyimizə qəsd edildi.
Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə xilaskarlıq missiyası ilə ali rəhbərliyə qayıtmasından sonra apardığı müdrik siyasət ölkəmizdə siyasi-iqtisadi böhranlara, separatçılıq meyillərinə və vətəndaş qarşıdurmasına son qoyduğu kimi, torpaqlarımızın işğalının, milli suverenliyimizə qəsdin qarşısı birdəfəlik aldı. Cəbhə xəttində atəşkəsin əldə olunması, ictimai-siyasi sabitliyin tam bərqərar edilməsi və "Əsrin müqaviləsi"nin imzalanması respublikada bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına, hüquqi dövlət quruculuğunun həyata keçirilməsinə imkan verdi. Böyük əzmkarlıq, siyasi iradə nümayiş etdirən Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qorudu və xalqımızın gələcəyinə hesablanmış öz işıqlı əməlləri ilə müasir müstəqil Azərbaycan dövlətinin banisinə, xalqımızın Ümummilli Liderinə çevrildi.
Qeyd etmək lazımdır ki, hələ müstəqilliyimiz bərpa olunan zaman demokratik quruluşu və qanunun aliliyini özünün başlıca məqsədi elan etmiş respublikamızda qarşıda duran əsas vəzifələrdən biri yeni Konstitusiyanın hazırlanması idi. Dövlətçiliyimiz və müstəqilliyimiz üçün bütün təhlükələri aradan qaldırdıqdan, ictimai-siyasi sabitliyi təmin etdikdən sonra hüquqi dövlət quruculuğuna başlayan Heydər Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlərdən biri yeni Konstitusiyanın hazırlanması idi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərara alındı. Bu Konstitusiya yeni dövrün çağırış və tələblərinə cavab verməli, müstəqil Azərbaycan dövlətinin və onun xalqının milli maraqlarını, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərlərini özündə əks etdirən hüquqi sənəd olmalıydı. Müasir dəyərləri özündə ehtiva edən bu ali sənədin ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf edən Ulu Öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirdi, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşdı. Bu məqsədlə Heydər Əliyev dəfələrlə layihənin açıq müzakirəsini təşkil etdi.
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbuluna səs verdi. Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu demokratik, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu əsasında dövlətimizin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində ilk mərhələ oldu. Odur ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu müasir tariximizin ən mühüm hadisələrindən biri olmaqla Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz böyük xidmətlərindən sayılır.
Azərbaycan Konstitusiyasında xalqımızın təntənəli surətdə bəyan etdiyi niyyətlərdən biri dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. Konstitusiyamızın 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Lakin Ermənistanın 90-cı illərin əvvəllərindən etibarən Azərbaycana qarşı hərbi təcavüz etməsi və torpaqlarımızın işğal olunması nəticəsində dövlətimizin və xalqımızın suveren və konstitusion hüquqları kobud şəkildə pozulmuşdu. İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi və insanlıq əleyhinə cinayətlər törədilmiş, şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, Azərbaycan vətəndaşlarının mülkiyyət, yaşamaq, o cümlədən təhlükəsiz yaşamaq hüquqları tapdalanmışdı.
Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi hər zaman Azərbaycan dövlətinin prioritet məqsədlərindən biri olmuşdur. Dünya Qarabağı Azərbaycan torpağı kimi tanısa da, artıq keçmişdə qalmış Qarabağ probleminin həllində vasitəçilik edənlər hər zaman ikili standartlardan çıxış etdilər, işğalçını öz adı ilə çağırmaqdan, BMT qətnamələrinin Ermənistandan icrasını tələb etməkdən uzaq oldular. Düşünürdülər ki, Azərbaycan xalqı zamanla işğalla barışacaq.
Xalqımız heç zaman işğalla barışmadı. Çünki hər bir azərbaycanlı əmin idi ki, torpaqlarımız mütləq azad olunacaq. Bu əminliyi gücləndirən Ümummilli Lider Heydər Əliyevin və onun layiqli siyasi varisi Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət idi. Möhtərəm Prezident cənab İlham Əliyev hələ ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildə keçirilən andiçmə mərasimində mövqeyini belə ifadə etmişdi: "Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
2003-cü ildən bu günə qədər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun güclü dövlətinə çevrildi. Azərbaycanın nail olduğu bütün sahələr üzrə uğurlar və sürətli inkişaf işğal altında olan ərazilərimiz üzərində milli suverenliyimizin bərqərar ediləcəyi tarixi yaxınlaşdırdı. Eyni zamanda 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn siyasi qüvvələr sülh danışıqlarının mənasız olduğunu ortaya qoydu.
2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi növbəti hərbi təxribat isə artıq müharibəni qaçılmaz etdi. Həmin gün öz tarixi missiyasına başlayan Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətinin siyasi-hüquqi təsdiqi oldu.
Azərbaycanın 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi və 23 saat çəkən lokal antiterror tədbirləri isə torpaqlarımızdakı erməni separatçılığına birdəfəlik son qoydu. Qəhrəman Ordumuzun möhtəşəm zəfəri ilə yekunlaşan bu əməliyyat bütün torpaqlarımız üzərində dövlətimizin milli suverenliyi təmin etdi və Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq kimi sərsəm ideya həmişəlik tarixin zibilliyinə atıldı. Bu tarixi hadisə ilə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlətçilik və suverenlik salnaməsinin növbəti şərəfli səhifəsi yazıldı. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında” Sərəncamında qeyd olunduğu kimi, "2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur".
Azərbaycanın əsl müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin bütün ölkə ərazisində tam bərqərar olunmasını Ulu Öndər Heydər Əliyevin başlayaraq həyata keçirdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətlə davam etdirdiyi uğurlu siyasi kurs təmin etdi. Heç bir qüvvə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid yarada bilməz.
Bu gün Azərbaycan xalqı özünün yeni inkişaf tarixinə qədəm qoymuşdur. İndi dövlət suverenliyimiz tamdır, ərazilərimiz bütövdür, sərhədlərimiz toxunulmazdır.
Dünyaşöhrətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran başlıca vəzifədir.
Mən bu yolda hər birimizə uğurlar arzulayır və bir daha da sizi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirəm!
İcra başçısı Orxan Abbasovun çıxışından sonra “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib.






