Daşkəsəndə 2 iyul – Azərbaycan Polisi Günü qeyd olunub
İyulun 2-də Azərbaycan Polisi Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli, Daşkəsən rayon prokuroru Şahin İmanov, Daşkəsən Rayon Məhkəməsinin sədri Kənan Vəliyev, SHXÇDX-nin rayon bölməsinin rəisi, polkovnik-leytenant Ramin Məmmədov, Rayon Polis Şöbəsinin şəxsi heyəti və polis veteranları Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, gül dəstələri düzüblər, Ümummilli Liderin əziz xatirəsini ehtiramla anıblar.
Sonra tədbir Daşkəsən Rayon Polis Şöbəsində davam etdirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında başda Daxili İşlər naziri, general-polkovnik hörmətli Vilayət Eyvazov olmaqla polis orqanlarında çalışan bütün əməkdaşları, o cümlədən Daşkəsən Rayon Polis Şöbəsinin şəxsi heyətini, veteranları Azərbaycan Polisi Günü münasibətilə təbrik edib, məsul və şərəfli xidmətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli məruzəsində Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin polis peşəsinə olan hörməti və güvəni haqqında söz açıb. O, yarandığı gündən daxili işlər orqanlarının zəngin tarixi xidmət yolu keçdiyini, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu, sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət apardığını diqqətə çatdırıb.
Digər çıxış edənlər də Azərbaycan polisinin tarixindən, qazandığı nailiyyətlərdən danışaraq, peşə bayramı günü münasibətilə xoş arzularını çatdırıblar.
Sonda Daşkəsən Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.