Daşkəsəndə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib
Oktyabrın 17-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Mədəniyyət Mərkəzi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir təşkil edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə çıxış edərək bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyimizin yenidən bərpası Azərbaycan xalqının əsrlər boyu yaşatdığı azadlıq idealının, milli birliyin və siyasi iradənin təntənəsi olmuşdur. Bu tarixi qərar ilə xalqımız öz taleyinə sahib çıxmaq, dövlət quruculuğu yolunda irəliləmək imkanı əldə etmişdir. Müstəqilliyin ilk illərində qarşıya çıxan çox ciddi siyasi, iqtisadi və sosial çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi və qətiyyətli siyasəti sayəsində ölkəmizdə sabitlik təmin edilmiş, müstəqil dövlətçiliyin əsasları möhkəmləndirilmişdir. Məhz bu strateji xəttin Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir, regionda və beynəlxalq aləmdə güclü, qalib və nüfuzlu bir dövlət kimi tanınır.
Tədbirdə çıxış edən digər natiqlər – Daşkəsən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva və mədəniyyət, təhsil sahəsinin nümayəndələri ölkəmizin müstəqillik yolunda keçdiyi tarixi mərhələlərə, əldə olunmuş nailiyyətlərə və bu uğurların xalqımızın birliyi, dövlət-xalq həmrəyliyi hesabına mümkün olduğuna diqqət çəkiblər. Vurğulanıb ki, əldə edilən uğurların qorunması, müstəqillik ideyalarının gənc nəslə aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi hər birimizin üzərinə mühüm vəzifələr qoyur və bu istiqamətdə ardıcıl işlər bundan sonra da davam etdirilməlidir.
Sonda müzakirə aparılıb, videoçarx nümayiş etdirilib və məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.






