Daşkəsəndə 11-ci sinif şagirdlərinin təhsil göstəriciləri və qarşıda duran vəzifələr müzakirə olunub
Oktyabrın 14-də Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun iştirakı ilə “2025-2026-cı tədris ilində Daşkəsən rayonunun tam orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinin ümumi orta təhsil səviyyəsi üzrə göstəriciləri və qarşıda duran vəzifələr” mövzusunda geniştərkibli görüş keçirilib.
Görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və 11-ci sinif şagirdləri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı Orxan Abbasov təhsilin inkişafının ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq, son illərdə Daşkəsən rayonunda da təhsil infrastrukturunun yaxşılaşdırılması, müəllim heyətinin peşəkarlığının artırılması və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində görülən işlərdən söz açıb. Rayon rəhbəri qeyd edib ki, hazırkı dövrdə təhsil sahəsində əldə olunan nəticələr, xüsusilə ali məktəblərə qəbul göstəriciləri rayonun təhsil mühitində müsbət dinamikanın olduğunu göstərir. Bununla yanaşı, qarşıda duran əsas vəzifələrdən biri kimi hər bir şagirdin potensialının tam üzə çıxarılması və daha yüksək nəticələrin əldə olunması üçün sistemli işlərin davam etdirilməsi vacibdir.
Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Ayxan Fərəcli təqdimatında statistik rəqəmlər əsasında məktəblər üzrə fərqliliklər, fənlər üzrə nəticələrin müqayisəsi və ümumilikdə təhsil keyfiyyətinin göstəricilərini şərh edib. Bəzi məktəblərdə yüksək nəticələr əldə edilsə də, fərdi olaraq bəzi fənlər üzrə geriləmələr müşahidə olunub. Bu da qarşıdakı dövrdə daha hədəfli və sistemli yanaşmaların tətbiqi zərurətini müəyyənləşdirib.
Sonra müəllimlər və məktəb direktorları tərəfindən müxtəlif təkliflər irəli sürülüb, təhsil prosesində rast gəlinən çətinliklər, eyni zamanda tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı məsələlər müzakirə olunub.
11-ci sinif şagirdləri də fəal şəkildə müzakirələrə qoşulublar. Onlar tədris prosesində üzləşdikləri məsələləri səsləndirib, həm də bu problemlərin həlli yolları ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda icra başçısı Orxan Abbasov şagirdləri qarşıdan gələn imtahanlara ciddi yanaşmağa, yüksək nəticələr göstərməyə, müəllimləri isə bu yolda onları dəstəkləməyə çağırıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.






