Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü “Mülki müdafiə – əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda nəzəri-praktik tədbirlərlə qeyd olunub

28 fevral 2025 | 16:35

Daşkəsən Rayon İcra Hakimiyyətinin “1 Mart – Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı Tədbirlər Planı”na əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq rayonunun idarə, müəssisə və təşkilatlarında “Mülki müdafiə – əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda silsilə nəzəri-praktik tədbirlər keçirilib.

“AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində keçirilən nümunəvi ümumrayon tədbirində Daşkəsən RİH-nin Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü - sədrin müavini Xəyyam Fərzəliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin rəhbəri Vasif Hüseynov, Daşkəsən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları, habelə rayonun mülki müdafiə xidmətlərinin rəisləri iştirak ediblər.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədrinin müavini Xəyyam Fərzəliyev bildirib ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində hər il keçirilən Ümumdünya Mülki Müdafiə Gününün məqsədi mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində işçilərin hazırlığı və maarifləndirilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, baş verə biləcək fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə vərdişlərin aşılanması, diqqətin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsidir.

Daşkəsən RİH-nin məsul işçisi Elmar Əliyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun salamlarını çatdırdıqdan sonra Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə olduğu kimi Daşkəsəndə də əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mütəmadi olaraq lazımi tədbirlərin görüldüyünü qeyd edib, rayonda fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb.

Çıxışlarda sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsi sahəsində mülki müdafiənin rolu, quruluşu, məqsədi və vəzifələri haqqında danışılıb, mülki müdafiə barədə hər bir vətəndaşın maarifləndirilməsinin vacibliyi vurğulanıb.

Sonra fərdi mühafizə vasitələrinin və kimyəvi ölçü cihazlarının sərgisinə baxış keçirilib.

Tədbirin praktik hissəsində şərti “Yanğın” həyəcan siqnalı verilərək yanğın avtomobili cəlb edilməklə, yanğın su hovuzlarının və hidrantların vəziyyəti, eləcə də yanğın avtomobillərinin su mənbələrinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraiti qiymətləndirilib. Xilasedicilər tərəfindən işçilər təxliyə olunub, “yaralılar”a ilkin tibbi yardım göstərilib.

Sonda mülki müdafiə sahəsində fərqlənən bir qrup şəxsə hədiyyələr təqdim olunub.

Keçidlər