Daşkəsəndə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqlar üçün teatr tamaşası təşkil olunub
Mayın 30-da “AzerGold” QSC-nin təşkilatçılığı Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqlar üçün xüsusi bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov uşaqları bayram münasibətilə səmimi-qəlbdən təbrik edib, onların ölkəmizin gələcəyi olduğunu vurğulayıb. İcra başçısı Orxan Abbasov uşaqların hərtərəfli inkişafı və hüquqlarının qorunmasının Prezident cənab İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
“AzerGold” QSC-nin məsul işçisi Ariz Tarverdiyev də çıxış edərək “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun uşaqlara ünvanladığı təbriklərini çatdırıb, tədbirin əhəmiyyətindən danışıb.
Sonra Gəncə Dövlət Kukla Teatrı tərəfindən Əhməd Orucoğlunun “Zınqrovlu pişik” pyesi rejissor Şamil Məmmədlinin quruluşunda nümayiş etdirilib. Tamaşanı uşaqlar böyük maraqla izləyiblər. Uşaqlar həm əylənib, həm də dostluq, xeyirxahlıq və dürüstlük kimi vacib dəyərlərin həyatda qarşıya çıxan çətinliklərin öhdəsindən gəlməkdə nə qədər önəmli olduğunu aşılayan səhnələrlə tanış olublar. Səhnə dekorasiyası və personajların interaktiv təqdimatları uşaqlar tərəfindən alqışlarla qarşılanıb.
Bayram tədbiri çərçivəsində "AzerGold" QSC-nin hazırladığı hədiyyələr 300 nəfər uşağa təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.