“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb
“AzerGold” QSC-nin təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin dəstəyi ilə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına start verilib.
“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyevin, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevin, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədovun, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayevin, yerli icra, bələdiyyə və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı olub.
Təqdimat mərasimində bildirilib ki, layihə “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi Daşkəsən və Göygöl rayonlarında heyvandarlıq və bitkiçilik təsərrüfatlarında məhsuldarlığın artırılmasına, əhalinin məşğulluğunun, sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına töhfə vermək, aqrar sahədə fəaliyyətin ətraf mühitin mühafizəsi norma və tələblərinə uyğun təşkilinə dəstək göstərmək məqsədilə icra edilir. Belə ki, layihə çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda 24 dəfə fitosanitar monitorinq, 12 dəfə fumiqasiya tədbiri, 150 məntəqədə bitki mühafizə və laborator müayinə, torpaq, su nümunələrinin ekspertizası, aqrokimyəvi analizlər aparılacaq. Həmçinin heyvandarlıq təsərrüfatlarında 6 dəfə baytarlıq yoxlamaları reallaşdırılacaq, o cümlədən 280 baş iribuynuzlu, 285 baş xırdabuynuzlu, 123 arı ailəsinə ümumi kliniki baxış keçiriləcək, habelə qan nümunələrinin analizi, ümumi sahəsi 2026 m2 olan heyvandarlıq məntəqələrində 7 dəfə dezinfeksiya işləri aparılacaq.
Qeyd olunan fəaliyyətlərlə yanaşı kəndli-fermerlərə 60-dan çox təlimin keçirilməsi də nəzərətə tutulub. Təlimlər bitkiçilik sahəsində zərərli orqanizmlərlə, xüsusi təhlükəli yoluxucu xəstəliklərlə mübarizə, ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün torpaqların aqrokimyəvi analizlərinin aparılması qaydaları və digər mözvuları əhatə edəcək.