Daşkəsən şəhərində yaradılmış uşaq oyun sahəsində görülən işlərə baxış keçirilib
Oktyabrın 20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Hayrettin Özçelik Daşkəsən şəhərində uşaqlar üçün qurulmuş yeni oyun meydançasında görülən işlərlə tanış olublar.
Sözügedən layihə TİKA-nın maliyyə dəstəyi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilati iştirakı ilə həyata keçirilib. Məqsəd rayon ərazisində yaşayan uşaqların sağlam inkişafı, asudə vaxtlarının səmərəli təşkili və onlara müasir standartlara cavab verən oyun mühitinin yaradılmasıdır.
Məlumat verilib ki, uşaq oyun sahəsi müasir tələblərə uyğun şəkildə qurulub, təhlükəsizlik standartlarına cavab verən avadanlıqlarla təchiz olunub. Layihə çərçivəsində ərazidə abadlıq və yaşıllaşdırma işləri də aparılıb.
Baxış zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən sosial layihələr müstəvisində uğurla inkişaf etdiyi qeyd olunub. Bu cür birgə layihələrin Daşkəsən rayonunda sosial infrastrukturun yaxşılaşdırılmasına, əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyi vurğulanıb.
Sonda qonaqlar oyun meydançasının balaca sakinləri ilə söhbət edib, onlara xoş istirahətlər arzulayıblar.






