Daşkəsən rayonunun yaradılmasının 95 illiyi tamam olur
Bu gün – 30 avqust 2025-ci il tarixində Azərbaycanın füsunkar təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri, qədim tarixə malik mədəni irsi və əməksevər insanları ilə tanınan Daşkəsən rayonunun yaradılmasının 95 illiyi tamam olur.
Daşkəsən rayonu 1930-cu ildə inzibati ərazi vahidi kimi yaradılmışdır. Rayonun təşəkkül tapması əsasən ərazidəki zəngin dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə birbaşa bağlı olmuşdur. Rayon ilk illərdə Dəstəfur adlandırılmış, 1956-cı ildən etibarən Daşkəsən adını almışdır. Bu ad bölgənin coğrafi xüsusiyyətlərini və tarixini özündə əks etdirən simvolik məna daşıyır.
Tarixən sənaye potensialı ilə seçilən Daşkəsən, xüsusilə metallurgiya və dağ-mədən sahələrində ölkə iqtisadiyyatına mühüm töhfələr vermişdir. 95 il öncə yaradılan Daşkəsən rayonu ötən illər ərzində zəngin təbii sərvətləri, yüksək mədəni dəyərləri və zəhmətkeş insanları ilə Azərbaycanın önəmli rayonlarından birinə çevrilmişdir.
Daşkəsənin inkişaf tarixində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Daşkəsənin sosial-iqtisadi inkişafına daim diqqət yetirmiş, rayonun strateji əhəmiyyətini hər zaman yüksək qiymətləndirmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi və mədəni inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının göstərdiyi yüksək qayğı nəticəsində rayonda yol infrastrukturu yenilənmiş, müasir inzibati və sosial binalar tikilmiş, elektrik, qazlaşdırma və içməli su təchizatı layihələri uğurla həyata keçirilmiş, yeni iş yerləri yaradılmışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr, dağ-mədən sənayesinin, habelə kənd təsərrüfatının, turizmin inkişafına yönəlmiş dəstək proqramları rayonun sosial-iqtisadi potensialını daha da artırır və sakinlərin həyat səviyyəsini yüksəldir. Görülən işlər Daşkəsənin davamlı inkişafı üçün möhkəm təməl yaradır və nəinki Daşkəsənin, bütün regionun gələcək perspektivlərinə böyük ümidlər bəsləməyə əsas verir.
Daşkəsən rayonunun 95 illik yubileyi münasibətilə bütün Daşkəsənliləri ürəkdən təbrik edir, onlara cansağlığı, əmin-amanlıq və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!






