Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində yerləşən meşə zolağında növbəti geniş təmizlik aksiyası keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyyətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin ”Gənclər Düşərgəsi” iştirakçılarının təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xoşbulaq kəndində keçirilən aksiyanın məqsədi ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, ekoloji maarifləndirməni gücləndirmək, o cümlədən insanların təbiətə münasibətində müsbət dəyişikliklərə nail olmaqla ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətin iştirakını təşviq etmək olub.
Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş könüllülər meşə ərazisindəki plastik və digər məişət tullantılarını toplayaraq, aidiyyəti üzrə təhvil veriblər. Bununla yanaşı, istirahət üçün əraziyə üz tutmuş vətəndaşlar arasında maarifləndirici söhbətlər aparıblar, təbiətin mühafizəsi və tullantıların düzgün idarə olunmasının vacibliyi diqqətə çatdırıblar.
Qeyd edək ki, Xoşbulaq kəndi Daşkəsən rayonunun ən çox ziyarət edilən, təbiət mənzərələri ilə seçilən istirahət məkanlarından biridir. Lakin bəzi ziyarətçilər təbiətə laqeyd yanaşaraq ərazini çirkləndirir, tullantıları müəyyən olunmuş yerlərə atmır. Bu da ekoloji tarazlığa ciddi mənfi təsir göstərir. Ətraf mühitin qorunması yalnız aidiyyəti qurumların deyil, cəmiyyətin hər bir üzvünün üzərinə düşən vəzifədir. Təbii sərvətlərin uzunmüddətli qorunması üçün hər kəsin şəxsi məsuliyyət daşıması, tullantıların düzgün idarə olunmasına əməl etməsi zəruridir.
Daşkəsən Rayon İcra Hakimiyyəti olaraq aksiyada iştirak edən bütün könüllülərə, gənclərə və təşkilatçılara dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda, bir daha vətəndaşları ətraf mühitə qarşı diqqətli olmağa, təbiətə laqeyd yanaşmamağa və onu qoruyub saxlamağa çağırırıq. Gəlin birlikdə rayonumuzda təmiz və sağlam bir mühitin formalaşmasına töhfə verək.






