Daşkəsən rayonunun ümumtəhsil məktəblərində “Son zəng” çalınıb
İyunun 13-də Daşkəsən rayonunun tam orta ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirləri bayram əhval-ruhiyyəsində qeyd olunub. Rayonun 19 ümumtəhsil məktəbi üzrə 142 şagird məzun adını qazanıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə tərtib edilmiş qrafikə uyğun olaraq rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən bir qrup ziyalı, ağsaqqal və ictimaiyyət nümayəndələri “Son zəng” şənliklərində iştirak ediblər.
Bütün tədbirlər Dövlət Himnimizin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “Son zəng” tədbirində iştirak edib. Məzunları, müəllim kollektivlərini, həmçinin valideynləri “Son zəng” günü münasibətilə təbrik edən, sentyabrda məktəbə gələcək, sinif otaqlarına ilk kövrək addımlarını atacaq birincilərə isə mübarək qədəmlər diləyən icra başçısı Orxan Abbasov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikasının təhsil siyasəti hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xalqımızın gələcəyi olan uşaqlara və gənclərə göstərdikləri diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirdikləri ardıcıl məqsədyönlü tədbirlər Daşkəsən rayonunda da öz əksini tapmışdır. Son illərdə rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində ən ucqar kəndlərdə lazımi avadanlıqlarla təchiz edilən yeni məktəb və bağça binaları tikilmiş, modul tipli məktəblər quraşdırılmış və təhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi aparılaraq məvacibləri artırılmışdır. Bu da rayonumuzda təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərməkdədir.
“Son zəng” tədbirlərində məzunların inamlı çıxışları, mənalı ürək sözləri alqışlarla qarşılanıb.
On birincilər üçün sonuncu dəfə zəng çalındıqdan sonra rəmzi "Bilik açarı"nı birinci sinif şagirdlərinə təhvil verən məzunlar məktəblərə əlvida deyiblər.






