Daşkəsən rayonunun Quşçu körpüsü qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində daxili yollarda cari təmir işləri aparılıb
Sakinlərin müraciəti nəzərə alınaraq, eyni zamanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanlar hesabına Quşçu körpüsü qəsəbəsində əsas və ara yollarda yaranmış çatlar, çalalar və digər nasazlıqlar aradan qaldırılıb. Yol örtüyünün bərpası məqsədilə qum-çınqıl qarışığı tökülüb, zəruri hallarda texnika ilə hamarlama və sıxlaşdırma işləri yerinə yetirilib, çətin keçilən yollar artıq daha rahat və təhlükəsiz hala gətirilib.
Bununla yanaşı, su axarlarının normal fəaliyyətini təmin etmək üçün yolların kənarında suötürücülər təmizlənib.
Qeyd edək ki, yol infrastrukturu ilə bağlı abadlıq və cari təmir işlərinin rayon ərazisində mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.






