Daşkəsən rayonunun Qaraqullar kəndində məktəblilərlə Zəfər Gününə həsr olunan “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı növbəti görüş təşkil olunub
Oktyabrın 31-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı hazırlanmış Tədbirlər Planı”na uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun dəstəyi ilə Qaraqullar kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları və qaziləri ilə növbəti görüş keçirilib.
Tədbirin məqsədi gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək, qəhrəmanların şərəfli döyüş yolunu tanıtmaq və 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini bir daha vurğulamaq olub.
Məruzə ilə çıxış edən Daşkəsən RİH-nin məsul əməkdaşları Fəxri Həsənov, Elmar Əliyev və Üzeyir Səttarlı 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin Azərbaycan xalqının birliyi, dövlətimizin gücü və şəhidlərimizin qəhrəmanlığı sayəsində mümkün olduğunu qeyd ediblər. Bildirilib ki, bu möhtəşəm qələbə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın əzmkarlığının və Ordumuzun şücaətinin nəticəsidir.
Qazilər isə keşməkeşli döyüş xatirələrini danışaraq, məktəbliləri Vətənə məhəbbət və sədaqət ruhunda böyüməyə çağırıblar.
Zəfər tariximizə dair viktorinada məktəblilər biliklərini sınayıb, fəallığı ilə seçilən iştirakçılar hədiyyə ilə mükafatlandırılıb.
Sonda məktəblilərin sualları cavablandırılıb, mövzu ətrafında müzakirə aparılıb.






