Daşkəsən rayonunun Qabaqtəpə kəndində kənd təsərrüfatı kooperasiyalarının yaradılması, kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı məqsədilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçiləri Ayaz Allahyarov, Elmin Paşayev, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Yaşar Məhərrəmov və digər məsul şəxslər və kənd sakinləri iştirak edib.
Tədbirdə sakinlərlə kənd təsərrüfatı kooperasiyası üzrə pilot layihələrin dəstəklənməsinə dair və kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı o cümlədən- cins heyvandarlıq, kartofçuluq təsərrüfatlarının yaradılması, arıçılığın inkişafı istiqamətində söhbətlər aparılmışdır.
Diqqətə çatdırılıb ki, ölkə başçısı tərəfindən təsdiq edilən Dövlət Proqramlarının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir. Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.
Belə ki, burada kooperativlərin dövlət tərəfindən dəstəklənməsi, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi, kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsi, kooperativlərin güzəştli şərtlərlə kreditləşdirilməsinin təmin edilməsi və s. vəzifələr öz əksini tapmışdır. Proqramda eyni zamanda kənd təsərrüfatı kooperasiyasının inkişafının əsas istiqamətləri müəyyən edilmişdir. Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunların sırasında kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının yaradılmasının və inkişafının dəstəklənməsi, kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi, kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılması, kənd təsərrüfatı kooperativlərinin istehsal bazasının modernləşdirilməsi, kooperativ bazarların fəaliyyəti üçün şərait yaradılması, vergi və kredit siyasəti vasitəsilə kooperasiyanın stimullaşdırılması, kooperasiyanın stimullaşdırılmasında subsidiyalardan istifadə edilməsi kimi amillər göstərilmişdir. Gözlənilən nəticələrə gəldikdə isə qeyd edilir ki, Dövlət Proqramının icrası kooperasiya hərəkatının geniş yayılmasına, kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail olmağa imkan verəcəkdir. Dövlət Proqramı çərçivəsində görülən işlər kənd yerlərində birgə təsərrüfatçılıq formalarının inkişafına təkan verməklə yanaşı, kooperativ üzvlərinin gəlirlərinin artmasına, həmin təsərrüfatlara investisiyaların cəlb edilməsinə şərait yaradacaqdır. Bu da kəndlərdə yaşayan əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına səbəb olacaqdır.
Sonra yerli kənd təsərrüfatı istehsalçılarının bir sıra təklifləri və müraciətləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.