Daşkəsən rayonunun Mollahəsənli kəndində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təmizlik aksiyası təşkil olunub
Aprelin 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, “Daşkəsən Dəmir Filiz” MMC-nin, “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun və Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mollahəsənli kəndi ərazisində təmizlik və səliqə-sahman işləri görülüb.
Aksiya çərçivəsində kəndin ictimai istifadə olunan əraziləri, yol kənarları və yaşıllıq sahələri məişət tullantılarından təmizlənib və tullantıların daşınması təmin edilib.
Təşkilatçılar bildiriblər ki, mütəmadi keçirilən bu cür aksiyaların məqsədi ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, vətəndaşlarda təmizliyə olan məsuliyyəti gücləndirməkdir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Daşkəsənin digər yaşayış məntəqələrində də oxşar tədbirlərin keçirilməsi nəzərdə tutulur.






