Daşkəsən rayonunun Bayan kəndində qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsullarına dair maarifləndirmə keçirilib
İyunun 24-də Daşkəsən Rayon İcra Hakimiyyəti və Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Bayan kəndində qəhvəyi mərmər bağacığına (Halyomorpha halys) qarşı mübarizə üsullarına dair maarifləndirmə təşkil olunub.
Maarifləndirmə tədbirində Daşkəsən Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Elmin Paşayev və Daşkəsən Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin baş aqronomu Muxtar Sadıq kənd sakinlərinə qəhvəyi mərmər bağacığının kənd təsərrüfatına vurduğu zərər, onun yayılma xüsusiyyətləri və bu zərərverici ilə mübarizə yolları barədə ətraflı məlumat veriblər.
Çıxış edənlər zərərverici ilə mübarizədə bioloji və kimyəvi üsulların düzgün və vaxtında tətbiqinin vacibliyini vurğulayıb, yerli fermerləri bu məsələdə daha diqqətli olmağa çağırıblar. Həmçinin bildirilib ki, bağacığa qarşı ən effektiv üsullardan biri feromon tələlərinin quraşdırılmasıdır. Bu tələlər vasitəsilə zərərvericinin mövcudluğu və yayılma səviyyəsi müəyyən olunur. Kənddə artıq müəyyən nöqtələrdə bu cür tələlər quraşdırılıb və müşahidələr davam etdirilir.
Tədbir çərçivəsində iştirakçılara qəhvəyi mərmər bağacığı barədə geniş məlumat əks etdirən maarifləndirici bukletlər də paylanıb. Bukletlərdə zərərvericinin tanınması, təsir etdiyi bitkilər və qarşısının alınması üçün tövsiyələr yer alıb.
Eyni zamanda suallar cavablandırılıb.