Daşkəsən rayonunda yeni cüdo zalı fəaliyyətə başlayıb
Aprelin 6-da Daşkəsən şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəbində yaradılmış cüdo zalının açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin nümayəndəsi Cavad Cavadov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Namiq Süleymanov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından təbrikləri çatdırdıqdan sonra çıxışında bildirib ki, rayonda idmanın inkişafı daim diqqət mərkəzində saxlanılır. Yeni cüdo zalının istifadayə verilməsi Daşkəsən gəncləri üçün geniş imkanlar yaradacaq və gələcəkdə istedadlı idmançıların yetişməsinə mühüm töhfə verəcək.
Digər çıxışçılar da bu cür layihələrin ölkə idmanının inkişafında müsbət rolundan söz açıblar, gənclərin idmana cəlb olunmasının əhəmiyyətini vurğulayıblar.
İştirakçılar zalda yaradılan şəraitlə tanış olduqdan sonra idmançıların nümunəvi çıxışlarını izləyiblər.
Qeyd edək ki, cüdo zalı Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatami və məşq prosesi üçün zəruri olan digər avadanlıqlarla təchiz edilib. Zalda 100-dən çox idmançının cüdo ilə məşğul olması nəzərdə tutulur.






