Daşkəsən rayonunda Vətən müharibəsi şəhidləri Novruz İsmayılovun doğum və Şəhriyar Abdullayevin anım günləri qeyd olunub
Oktyabrın 13-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri gizir İsmayılov Novruz Nurəddin oğlunun və kiçik gizir Abdullayev Şəhriyar Kamil oğlunun xatirələri ehtiramla anılıb.
Anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxış edərək şəhidlərin ailələrinə bir daha başsağlığı verib, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıb, ölkə rəhbərinin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın Daşkəsən rayonunda da şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb.
Tədbirdə digər çıxış edənlər isə şəhidlərimizin göstərdiyi rəşadət və vətənpərvərlikdən danışaraq, Novruz İsmayılovun və Şəhriyar Abdullayevin igidliyini böyük fəxarətlə xatırlayıblar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, İsmayılov Novruz Nurəddin oğlu 1987-ci il oktyabrın 13-də Daşkəsən rayonunun Zinzahal kəndində anadan olub. Azərbaycan Ordusunun giziri Novruz İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz İsmayılov 2020-ci il oktyabrın 30-da Füzuli döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb, şəxsi igidlik və şücaət nümayiş etdirib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Novruz İsmayılov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" medalları və hərbi xidmətdə xüsusi xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəli idi. 1 qız övladı yadigar qalıb.
Abdullayev Şəhriyar Kamil oğlu 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik giziri Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Abdullayev 2020-ci il oktyabrın 13-də Hadrut döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb, şəxsi igidlik və şücaət nümayiş etdirib. 50-yə yaxın düşmən döyüşçüsünü məhv edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Şəhriyar Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və hərbi xidmətdə xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ailəli idi. 2 qız övladı yadigar qalıb.






