Daşkəsən rayonunda Vətən müharibəsi şəhidləri Novruz İsmayılovun 39-cu doğum günü və Şəhriyar Abdullayevin şəhadətinin 6-cı ildönümü qeyd olunub
Oktyabrın 13-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri gizir İsmayılov Novruz Nurəddin oğlunun və kiçik gizir Abdullayev Şəhriyar Kamil oğlunun xatirələri ehtiramla yad edilib.
Anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov icra başçısı Orxan Abbasovun və rayon ictimaiyyətinin adından şəhidlərin ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib, habelə şəhid Novruz İsmayılovun və şəhid Şəhriyar Abdullayevin şərəfli həyat və döyüş yolundan söz açıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən qayğıya, həssas münasibətə, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






