Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların hüquqları və sağlam gələcək naminə birgə addımlar” mövzusunda maarifləndirici görüş təşkil olunub

21 oktyabr 2026 | 10:02

Oktyabrın 20-də Daşkəsən rayon Mədəniyyət Mərkəzində uşaqların hüquqlarının təbliği, hüquqi maarifləndirilməsi və cəmiyyətin fəal üzvləri kimi formalaşmasına dəstək məqsədilə “Uşaqların hüquqları və sağlam gələcək naminə birgə addımlar” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bir qrup uşağın iştirak etdiyi tədbir Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayon Mədəniyyət Mərkəzi, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektoru və “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə baş tutub.

Çıxışlarda qeyd olunub ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və sağlam gələcəyinin təmin edilməsi dövlət uşaq siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət uşaqların hüquqlarının müdafiəsinə, onların təhsil, sağlamlıq və sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr də uşaqların qayğı ilə əhatə olunmasına, onların təhsil imkanlarının genişləndirilməsinə və sağlam nəslin yetişdirilməsinə xidmət edir.

Tədbirdə uşaqların hüquqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin, keyfiyyətli təhsil almasının, istirahət və mədəni həyatda iştirakının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, hər bir uşağın fərdi inkişafına, fikir və düşüncələrinə hörmətlə yanaşılması, istedad və bacarıqlarının üzə çıxarılması cəmiyyətin qarşısında duran başlıca vəzifələrdəndir.

Maarifləndirici söhbətlər zamanı uşaqlara hüquq və vəzifələri, bərabər imkanlar, qarşılıqlı hörmət, ayrı-seçkiliyin yolverilməzliyi və zorakılıqdan müdafiə məsələləri barədə məlumat verilib.

Sonda uşaqlarla interaktiv müzakirə aparılıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib və sualları cavablandırılıb.

Keçidlər