Daşkəsən rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi açılıb
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İcra başçısı Orxan Abbasov çıxışında bildirib ki, bugünkü müstəqil demokratik Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin yaratdığı şah əsərdir. Ulu Öndərin əsasını qoyduğu siyasət möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən hər bir sahədə uğurla davam etdirilir, ölkəmizdə müasir dövrün tələblərinə uyğun davamlı və məqsədyönlü islahatlar həyata keçirilir. Vətən müharibəsində əldə olunan tarixi Zəfər də Heydər Əliyev ideyalarının təntənəsidir. Heydər Əliyevin xilas etdiyi, möhkəm təməllərini yaratdığı dövlətimizi Prezident cənab İlham Əliyev qalib dövlətə çevirdi. İndi bütün işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev də var. Daşkəsənlilər də bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevi heç vaxt unutmur və unutmayacaq.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və Daşkəsən Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev çıxışlarında Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafına yönələn fədakar dövləti fəaliyyəti, zəngin irsi, Ulu Öndərin siyasi varisi Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət barədə danışıblar.
Ehsan mərasimində Ümummilli Lider Heydər Əliyevin ruhuna Quran surələri oxunub və əziz xatirəsi ehtiramla anılıb.