Daşkəsən rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub
Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Daşkəsən rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə toplantı keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP fəalları, şəhid ailəsinin üzvləri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, gül-çiçək dəstələri düzülüb, xatirəsinə ehtiram bildirilib.
Toplantı Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz və unudulmaz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırdıqdan sonra çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə inamla davam etdirilir. Həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib, siyasi sabitlik və dayanıqlı inkişaf təmin olunub, respublikamız regionun aparıcı dövlətinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində və ondan sonra əldə olunan tarixi zəfərlərlə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri uğurla aparılır. Azərbaycan xalqı, o cümlədən daşkəsənlilər əldə olunan bütün qələbə və nailiyyətlərin təməlində Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin dayandığını dərin minnətdarlıq hissi ilə anlayır və bu siyasi xəttə sarsılmaz sədaqət nümayiş etdirir.
İcra başçısı Orxan Abbasov onu da diqqətə çatdırıb ki, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin zəngin irsinin təbliği və tanıdılması sahəsində ardıcıl layihələr həyata keçirir, eləcə də təhsil, səhiyyə və sosial sahələrdə reallaşdırılan humanitar təşəbbüslərlə cəmiyyətimizin rifahına mühüm töhfələr verir. Bütün bu fəaliyyətlər Ulu Öndər Heydər Əliyevin ideyalarının yaşadılması, dövlətçilik fəlsəfəsinin gələcək nəsillərə ötürülməsi və Azərbaycançılıq məfkurəsinin daha da möhkəmləndilməsi məqsədi daşıyır.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və müasir inkişaf mərhələsinin başlanğıcı kimi tariximizdə müstəsna yer tutur. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs ölkəmizin davamlı inkişafının, milli birliyinin və beynəlxalq nüfuzunun əsas təminatçısıdır. Gənc nəslin dövlətçilik ənənələrinə sadiq ruhda yetişdirilməsi, Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği hər bir vətəndaşın mühüm vəzifəsidir.
Sonra Ulu Öndər Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyətinə, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və inkişafı naminə göstərdiyi misilsiz xidmətlərinə həsr olunmuş sənədli film nümayiş etdirilib, həmçinin Ümummilli Liderin şəhərsalma və memarlıq sahəsindəki zəngin irsinə dair nəşrlərdən ibarət kitab sərgisinə baxış keçirilib.






