Daşkəsən rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü qeyd olunub
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 14-cü ildönümü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi, polkovnik-leytenant Ramil Qarayev, bölmənin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, gül düzüblər, xatirəsini ehtiramla anıblar.
İcra başçısı Orxan Abbasov rayon ictimaiyyətinin adından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi hörmətli Mürsəl İbrahimov başda olmaqla Xidmətin şəxsi heyətini, o cümlədən Daşkəsən rayon bölməsinin rəisi, polkovnik-leytenant Ramil Qarayevi və bölmənin bütün əməkdaşlarını təbrik edib, onlara məsul və şərəfli xidmətlərində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Bildirib ki, Silahlı Qüvvələrimizin tərkibində özünəməxsus yer tutan SHXÇDX ehtiyatda olan bütün insanları sevindirir. Çünki biz də hər zaman özümüzü Silahlı Qüvvələrin və Səfərbərlik Xidmətinin tərkibində görürük, hər zaman səfərbər olmağa hazırıq. Daşkəsən rayon sakinləri bunu əməlləri ilə təsdiqləmişlər. Ötən dövrlərdə, xüsusilə Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin səfərbərliklə bağlı verdiyi tapşırıqlar Daşkəsən rayonunda uğurla icra edilmişdir. Hərbi vəzifəlilərin və texnikaların qısa müddət ərzində təyin olunmuş hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilmişdir. Hazırda Xidmət tərəfindən yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində rayonumuzda görülən işlər yüksək qiymətləndirilir. Bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil olunur. Xüsusən çağırışyaşlı gənclərin rayon ictimaiyyətinin iştirakı ilə təntənəli surətdə hərbi xidmətə yola salınması və qarşılanması mərasimləri əsl bayram ovqatında keçirilir.
SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi, polkovnik-leytenant Ramil Qarayev çıxış edərək Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü münasibətilə bütün əməkdaşları təbrik edib, onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, bölmənin şəxsi heyəti bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və səfərbərlik işinin təşkili istiqamətində fəaliyyətini daha da gücləndirəcəkdir.
Peşə bayramı günündə SHXÇDX-nin rayon bölməsinin bir qrup əməkdaşına Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.






