Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqlər aparılır

29 aprel 2025 | 16:17

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.7-ci bəndinin, eyni zamanda “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.5.2-ci bəndinin icrası Daşkəsən rayonunda aidiyyəti qurumlarla birgə nəzarətdə saxlanılır. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən rayonda övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqlər müntəzəm aparılır. Monitorinqlər zamanı uşaqların həyat şəraiti, sosial müdafiəsinin yaxşılaşdırılması, hüquqlarının müdafiəsi, təhsilə cəlb edilməsi, tərbiyə olunması, asudə vaxtlarının təşkili, zərərli vərdişlərdən qorunması, sağlamlığı əsas məqsəd kimi qarşıya qoyulur.

Cari ildə 11 ailədə ümumilikdə 25 görüş keçirilərək, uşaqların valideynləri və qanuni nümayəndələri ilə ətraflı maarifləndirmə, izahat işləri aparılıb, onlara tövsiyələr verilib, eyni zamanda müəyyən edilmiş bəzi çatışmazlıqların operativ surətdə aradan qaldırılmasına nail olunub.

Habelə Daşkəsən Rayon İcra Hakmiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının birgə təşkilatçılığı ilə cəmiyyətdə uşaqların qəyyumluğa, himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılması və himayədar ailə modelinin qayğıdan məhrum uşaqların cəmiyyətə inteqrasiyasında  uğurlu  nəticələri  barədə rayonun yaşayış məntəqələrində təbliğat işləri aparır, himayədar ailə institutunun inkişafına hədəflənən maarifləndirici tədbirlər və görüşlər keçirir.  

Qeyd edək ki, qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları himayədar ailə ola bilərlər. “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. “Himayədar ailə” qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır  və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər. Övladlığa götürmədən fərqli olaraq “Himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır və uşaq ailənin varisi sayılmır.

Qəyyumluq və himayəçilik mülki fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərini müdafiə etmək və valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqlar yaşaması və  tərbiyəsi üçün münasib şəraitin yaradılması məqsədi daşıyır.

Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan 3 ay ərzində təyin edir.

Qəyyumluq 14 yaşına çatmamış və ya psixi xəstəliyə görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan hesab edilmiş fiziki şəxslər üzərində təyin edilir. Qəyyum bu şəxslərin adından əqdlər bağlaya bilər və qanunvericiliyə əsasən onların məcburi təmsilçiləri hesab olunur. Nəzərə almaq lazımdır ki, 14 yaşına çatmamış şəxsin üzərində qəyyumluq valideynləri məhkəmə tərəfindən valideynlik hüququndan məhrum edilibsə, valideynlər onu tərbiyələndirməkdən və onların hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırırlarsa, həmçinin qanunla nəzərdə tuitulan digər səbəblər olduqda təyin edilir.

Himayəçilik isə 14 yaşından 18 yaşına qədər olan yetkinlik yaşına çatmayanlar, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində təyin olunur. Onlar himayələrində olan şəxslər üçün əqdlər bağlamırlar, sadəcə onlara köməklik göstərirlər. Himayəçilər onların qanuni nümayəndələridirlər.

Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası aidiyyəti qurumlarla birgə qəyyumluğa və himayəyə verilmiş uşaqların mütəmadi olaraq monitorinqini keçirir. Monitorinqlər zamanı uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılır, qəyyum, himayədar və uşaqlar ilə geniş söhbətlər aparılır, ehtiyac yarandıqda təxirəsalınmaz müvafiq tədbirlər görülür.

Keçidlər