Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Novruz bayramı böyük təntənə ilə qeyd olunub

18 mart 2025 | 14:42

Martın 18-də Daşkəsən şəhər Heydər Əliyev meydanında Novruz bayramı münasibəti ilə təntənəli ümumrayon şənliyi keçirilib. Bayram şənliyində minlərlə rayon sakini bayram əhvali-ruhiyyəsində iştirak edib.

Əvvəlcə Daşkəsən Şəhidlər Xiyabanı ziyarət olunaraq şəhid məzarları üzərinə gül dəstələri düzülüb.

Bayram tədbirinin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bayram tonqalını alovlandırıb və təbrik nitqi söyləyib. O çıxışında deyib:

- Əziz daşkəsənlilər, hörmətli bayram tədbiri iştirakçıları!

Bu gün biz Daşkəsən şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə yerləşən bu meydanda Novruz bayramı münasibətilə təşkil edilən ümumrayon şənliyinə toplaşmışıq.

Sizi xalqımızın ən sevimli və müqəddəs bayramı olan Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında doğma müasir müstəqil Azərbaycanımızda hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.

Müstəqil Azərbaycanın banisi, görkəmli dövlət xadimi, dahi siyasətçi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Novruz dövlət bayramı səviyyəsində ölkəmizin bütün bölgələrində hər il böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Ulu Öndərin siyasi kursunun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasət nəticəsində müstəqil Azərbaycan Respublikasında vətəndaş birliyi, sabitlik, iqtisadi inkişaf, ən əsası ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmuş, hazırda ölkəmiz dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuş, beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir. Bütün bunlar Azərbaycan xalqının milli birliyinin güclənməsinə dövlət səviyyəsində verilən dəstəyin əyani sübutudur.

Əziz Daşkəsənlilər!

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra 30 ilə yaxın bir müddətdə xalqımızın ən müqəddəs bir arzusu var idi. Hər birimiz Qarabağın işğaldan azad edilməsini və həmin ərazilərdə Novruz bayramının qeyd olunmasını böyük həsrətlə gözləyirdik.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin 2020-ci ildə 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, igidlik, sücaət və fədakarlıq sayəsində tarixi torpaqlarımız erməni işğalçılarından təmizlənərək ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Ordusu bu möhtəşəm tarixi Zəfərlə eyni zamanda şəhidlərimizin qisasını döyüş meydanlarında aldı, onların qanı yerdə qalmadı.

Vətən müharibəsindən 3 il sonra – 2023-cü ilin sentyabr ayında bir günlük lokal xarekterli antiterror tədbirləri nəticəsində Ermənistan ordusunun tör-töküntüləri və silahlanmış separatçılar Qarabağda darmadağın edilərək ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini bu Novruz günlərində hamımız dərin hörmət və ehtiram hissi ilə anırıq. Onların valideynlərini, ailələrini, habelə qazi və veteranlarımızı da Novruz bayramı münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Əziz Daşkəsənlilər!

Respublikamızın hər yerində olduğu kimi Daşkəsənimizdə də Novruz bayramı hər il ümumxalq şənliyi ilə qeyd olunur.

Hörmətli Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsənin bu illər ərzində sosial, iqtisadi, mədəni siması müasirləşərək tamamilə dəyişmişdir. Rayonumuzda yeni inzibati, sosial binalar tikilmiş, ən ucqar yaşayış məntəqələrinə su, qaz, elektrik xəttləri çəkilmiş, yeni yollar və körpülər salınmışdır. Xüsusilə qeyd etmək istəyirəm ki, Daşkəsən rayonunun zəngin təbii sərvətlərindən səmərəli istifadə etmək məqsədilə “Daşkəsən Dəmir Filiz” MMC-nin və digər istehsalat sahələrinin yenidən işə salınması əsas vəzifə kimi qarşıya qoyulub yüksək səviyyədə həyata keçirilir. Rayonumuzda görülən bütün bu uğurlu işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq.

Bu xoş əhvali-ruhiyyəli Bahar bayramı günlərində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya bütün Daşkəsən rayon sakinləri adından yüksək ehtiramımızı, inamımızı, hər zaman göstərdikləri diqqət və qayğıya görə minnətdarlığımızı bildirir, Novruz bayramlarını təbrik edirik.

Əziz Daşkəsənlilər, hörmətli həmvətənlər, bacılar və qardaşlar!

Sizləri bir daha da bu gözəl Bahar bayramı münasibətilə təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq, hər birinizə firavan həyat, xoş günlər, uğurlar arzulayıram.

Novruz bayramınız mübarək olsun!

Sonra ululuq və ağsaqqallıq rəmzi Dədə Qorqud, saflıq simvolu Bahar qızı, Novruz bayramının əsas personajları Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. El sənəti və milli mətbəx nümunələrimiz sərgilənib.

Yüksək təmtəraqla keçirilən ümumrayon şənliyi el aşıqlarının, musiqiçilərin ifaları, rəqslər, idmançıların müxtəlif idman nömrələri  və rəngarəng əyləncəli proqramlar ilə davam edib.

 

Keçidlər